• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1859
— 18.09.2015 18:44

İçərisində 60 min dollar olan seyfi oğurlayan dəstə yaxalanıb

Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi əməkdaşları avqust ayının 28-də “Qara çay” tikinti şirkətinin ofisindən içərisində 60 min dollar olan seyfi oğurlayan dəstəni yaxalayıb.

Bakı şəhər sakini 67 yaşlı Səyadi Məmmədsaadov polisə müraciət edərək naməlum şəxslərin ötən ayın 28-də ona məxsus “Qara çay” tikinti şirkətinə basqın edərək pul apardıqlarını bildirib. Zərərçəkmişin sözlərinə görə, ofisə daxil olan maskalı şəxslər orada gözətçi işləyən 67 yaşlı  Zina Bəşirovanı odlu silahla hədələyərək əl-qolunu bağlayıb, içərisində 60.000 ABŞ dolları və şirkətə məxsus sənədlər olan seyfi quldurluq yolu ilə talayıblar. Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı paytaxt sakinləri - Azad Həziyev, Aqşin Mustafayev, Nicat  Xəlilov tutulublar.

Dəstə üzvləri oğurluğa əvvəllər həmin şirkətdə işləyən Azad Həziyevin qurduğu plan əsasında ona məxsus avtomobillə gediblər. İzi itirmək məqsədi ilə saxlanılan şəxslər  avtomobilin dövlət qeydiyyat nişanını dəyişdiriblər.

Seyfi sındırıb içindəki pulları götürəndən sonra əldə edilən məbləğ Azad Həziyev, Aqşin Mustafayev və Nicat Xəlilov arasında bölünüb. Seyf isə dəstə üzvləri tərəfindən Samur-Bakı kanalının Sabunçu rayonu ərazisindən keçən hissəsinə atılıb. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı seyfin yeri müəyyən edilərək kanaldan çıxarılıb və maddi sübut kimi istintaq materiallarına əlavə olunub.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq yədbirləri davam etdirilir.