• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 922
— 15.09.2015 18:16

Şəmkirdə oğru kişi və həyat yoldaşını ölümcül yaralayıb

Şəmkirin Qaracəmirli kəndində kriminal hadisələrin ardı-arası kəsilmir. İnzibati binalarda və fərdi təsərrüfatlarda qeydə alınan müəmmalı yanğınlardan sonra naməlum şəxs oğurluğa cəhd zamanı ahıl yaşlı 2 nəfərə ağır bədən xəsarətləri yetirib. Bu barədə daha ətraflı qarşıdakı materialda.

Şəmkir rayonunun Qaracəmirli kənd sakinləri 79 yaşlı Qəzənfər Hacıyev və onun 73 yaşlı həyat yoldaşı Roza Hacıyeva naməlum şəxsin təcavüzünə tuş gəlib. Hadisə gecə saat 2 radələrində Hacıyevlərə məxsus fermada baş verib. Naməlum şəxs fermaya qanunsuz daxil olaraq oradan oğurluq etməyə cəhd göstərib. Vəziyyətdən hali olan Qəzənfər Hacıyev oğurluğun qarşısını almaq istəyərkən naməlum şəxs ona ağır bədən xəsarətləri yetirib. Bu zaman kişinin səsinə həyat yoldaşı Roza Hacıyeva gəlib. Dırnaqarası qəhrəman qadına da xəsarət yetirməkdən çəkinməyib.  

Nəhayət Hacıyeva- zərərçəkənin qızı: “Atam mənə zəng etdi ki, bizi döyüblər qardaşlarına, qohumlara xəbər ver. Biz də hamıya xəbər verdik, atamı görəndə mən çox pis hala düşdüm”.

Zərərçəkən Roza Hacıyevanın sözlərinə görə, onlara məxsus fermada bir neçə dəfə oğurluq hadisəsi baş verib.

Roza Hacıyeva- zərərçəkən şəxs: “Sən demə bizə qənim kəsilən bu olub. Toyuğum-qazım qalmayıb. Nə bilim, qoca adamam heç gözləmirdim bu cür hadisə ilə üzləşim. İndi də həyat yoldaşımla məni bu günə saldı”.

Qeyd edək ki, hər iki şəxs müxtəlif xəsarətlərlə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Həkimlər yaralıların həyatı təhlükədən xilas odluqlarını desələr də müayinə və müalicələrin bir müddət davam edəcəyini bildirirlər.

Elşən Quliyev- həkim: “Onlar ahıl yaşlı insanlardır. Hər ikisində də çənə sümüyünün qapalı yerini dəyişən sınığı xəsarəti var. Qəzənfər Hacıyevdə başın əzilmiş yarası bədənin çoxsaylı əznikləri də var. Hal-hazırda şöbəyə qəbul olunub, stasionar müalicəyə cəlb olunublar”.

Faktın kim tərəfindən törədilməsinə gəlincə Şəmkir rayon polis şöbəsindən bildirirlər ki, ilkin istintaq əməliyyat tədbirləri öz bəhrəsini verib. Cinayətlə bağlı bir nəfər şübhəli şəxs də saxlanılıb. Ancaq istintaq sirri olduğundan həmin şəxsin kimliyi barədə məlumat verilməyib.

Natiq Hüseyn