• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1996
— 11.09.2015 16:17

Sərnişin avtobusunda İrandan Azərbaycana tiryək keçirən iranlı sürücü saxlanıldı

İrandan Azərbaycana sərnişin və yük daşınması ilə məşğul olan şəxs avtobusunda insanlarla yanaşı narkotik maddə də daşımaq fikrinə düşüb. Ancaq İran vətəndaşının bu yolla pul qazanmaq arzusu gerçəkləşməyib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan İran İslam Respublikasının vətəndaşı Jamal Eltefat saxlanılıb. Ondan 5 kiloqram 230 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Müəyyən edilib ki, Jamal Eltefat özünə məxsus  “Reno” markalı avtobusla İrandan Azərbaycana sərnişin və yük daşımaqla məşğul olur. O, istintaqa məlum olmayan İran İslan Respublikasındakı mənbədən satış məqsədi ilə külli miqdarda tiryəki əldə edərək avtobusun gizli saxlanc yerində gömrük buraxılış məntəqəsindən keçirərək Biləsuvar rayonu ərazisinə gətirib. Ancaq narkotik vasitəni satmaq istəyərkən polis əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Narkotik vasitələrin qanunsuz alqı-satqısına aidiyyəti olan digər şəxslərin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Ruhəngiz Hacızadə