• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1761
— 08.09.2015 11:15

Tələbə adı qazanan kəlbəcərli və şəmkirli məzunlar mükafatlandırılıb

Bu il tələbə adı qazanan kəlbəcərli və şəmkirli məzunlarla görüş keçirilib. Onlara mükafatlar təqdim olunub.

Kəlbəcər rayon İcra Hakimiyyəti və Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi bu il rayon üzrə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanan  gənclərlə görüş keçirib. 2014\2015-ci tədris ilində rayonun orta ümumtəhsil məktəblərini 936 məzun bitirib, onlardan 457 nəfəri ali məktəblərə qəbul olmaq üçün sənəd verib. Məzunlardan 310 nəfəri müxtəlif ali məktəblərə daxil olub. Tələbə adını qazananlardan  13 nəfəri 600-dən, 26-sı isə 500-dən yuxarı bal toplayıb. Rayon üzrə bu il ali məktəbə qəbul olanların sayı ötən ilə nisbətən 8 nəfər çoxdur. Sonda ali məktəblərə qəbul olunan bütün məzunlara pul mükafatı verilib.

Elmira Şükürova- Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri: “Bunların əksəriyyəti uyğunlaşdırılmış binalarda dərs keçilən məktəblərin məzunlarıdır. Hətta bizim 672 bal toplayan prezident təqaüdçümüz də var. Bu da bizi çox sevindirir. İnanırıq ki, gələcəkdə təhsildə uğurlar qazanacağıq”.

Şəmkir rayonunda da bu il ali məktəbə qəbul olunan məzunlarla görüş keçirilib. Görüşdə məlumat verilib ki, cari ildə 1508 məzun ali məktəblərə sənəd verib. Onlardan 512 nəfəri test imtahanlarından uğurla çıxaraq tələbə adını qazanıb. Rayon üzrə 22 nəfər 600-dən, 68 nəfər 500-dən yüksək bal toplayıb. Çıxış edən natiqlər əldə olunan uğurları təhsilə göstərilən dövlət qayğısı kimi dəyərləndirib. Son 5 ildə Şəmkir rayonunda 20 yeni məktəb binasının inşa olunduğu diqqətə çatdırılıb. Sonda yüksək balla ali məktəblərə qəbul olunan məzunlar mükafatlandırılıb.

Natiq Hüseyn, Elnur Vahidoğlu