Bu günə xəbərlərin oxunma sayı: 1062
— 15.09.2014 00:16

Göygöl rayonunda Kompleks Süni Mayalanma Mərkəzi tikiləcək

Respublikamızda ilk dəfə olaraq Göygöl rayonunda Kompleks Süni Mayalanma Mərkəzi tikiləcək. Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə kompleksin inşası üçün 1,5 milyon manat pul ayrılıb.

Kənd Təsərrüfatı Nazirliyinin Respublika Süni Mayalanma Mərkəzi 2009-cu ildən Göygöl rayonunda fəaliyyət göstərir. Mərkəzin ərazisi kiçik olduğundan eləcə də mərkəz günün tələblərinə cavab vermədiyindən yeni Kompleks Süni Mayalanma Mərkəzi tikiləcək. Artıq yeni inşa ediləcək kompleksin layihəsi hazırdı və 10 hk yer də ayrılıb. Kompleksi tikmək üçün Fransa şirkəti ilə müqavilə bağlanılıb və kompleks mərkəzdən fərqli olacaq. 
Bayram Mehdiyev- baş zootexnik: “İndi burada hamısı bir yerdədi. Ancaq ora qapalı olacaq. İşçilər səhər kompleksə daxil olacaq və bir də axşam iş qurtaranda çıxacaqlar. Yeni komples müasir tələblərə uyğun inşa ediləcək. Orada suvarma, kanalizasiya sistemi olacaq, laboratoriyalar müasir avadanlıqlarla təchiz ediləcək, yeni tövlə də tikiləcək”.
Yeni kompleks tikildikdən sonra indiki mərkəzin binası heyvandarlığın inkişaf etdirilməsi üçün fəaliyyət göstərəcək.
Respublika Süni Mayalanma Mərkəzinin paytaxt Bakı şəhərində, eləcə də Tovuz və Bərdə rayonlarında da filialları fəaliyyət göstərir. Kənd təsərrüfatı nazirinin sərəncamı ilə 9 regionunda da filialların açılması nəzərdə tutulur. 
Respublika Süni Mayalanma Mərkəzində hazırda 22 baş müxtəlif cinsli törədici buğa və kəllər yetişdirilməsi həyata keçirilir ki, onlardan da gün ərzində toxum tədarük edilir. Bu törədici buğa və kəllər Fransadan, Rusiyadan, Avstriyadan, Hollandiyadan gətirilən “Holştenfiliz”, “Şvis” və “Smental” cinsləridir. 
Bayram Mehdiyev- baş zootexnik: “Bunlardan 4 istiqamətdə toxum götürülür. Südlük, ətlik, südlük-ətlik və ətlik-südlük istiqamətidi. 6 ay bundan öncə isə Fransadan “Şarolle” cinsi ətlik törədici buğa almışıq”. 
Mərkəzdə törədici buğalardan alınan toxumlar kənd təsərrüfatı ilə məşğul olanlara, eləcə də fermerlərə 2 manat 50 qəpiyə, kəllərin toxumları isə 3 manat 50 qəpiyə satılır.

Elnur Vahidoğlu