• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1028
— 25.09.2014 10:29

Göygöl rayonuna axın edən turistlərin sayı artır

Kəpəz dağının ətəyində yerləşən Göygöl rayonunda turistlərin diqqətini özünə çəkəcək çoxsaylı gəzməli-görməli məkanlar var. Göygöl rayon Mədəniyyət və Turizm şöbəsindən verilən məlumata görə, bu il Göygöl rayonuna gələn turistlərin sayı ötən illə müqayisədə 2000 nəfər çoxdur.

19-cu əsrdə Almanlar tərəfindən salınan Göygöl rayonunda tikilən evlərin görkəmi bu gün də qorunub saxlanılır. Məhz elə ona görə də bu il Göygöl rayonuna gələn turistlərin daha çoxunu almanlar təşkil edib. Həmçinin bu il rayona Türkiyə, Rusiya, Gürcüstan, İran, Yaponiya, İsveçrə, Rumıniyadan da turistlər gəlib. Bura gələn turistlər 5 turist marşurut xətti üzrə Göygölün tarixi abidələri, istirahət mərkəzləri ilə tanış olublar. 

Şərqiyyə Hümbətova- Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri: “Rayonumuz turistlərin diqqətini daha çox cəlb edir. Bunu ildən-ilə qeydiyyat apardığımız turistlərin sayında görmək mümkündür. Keçən il buraya 18 min turist gəlmişdi, bu il isə 20 mindən çox turist gəlib”. 

Göygöldə gözəlliyinə və ərazisinin böyüklüyünə görə qərb bölgəsində analoqu olmayan yeni otel kompleksi də tikilir. Bu da gəlcəkdə rayona gələn turistlərin sayını daha da artıracaq.

Şərqiyyə Hümbətova- Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri: “Baxmayaraq ki, turizm istirahət mərkəzlərimiz, turistlər üçün yaxşı şəraitlərimiz var, amma otelə böyük ehtiyac var idi. Otel tikilir və bu otelin tikintisi turistlərin rayonumuza axınına səbəb olacaq”.

Qeyd edək ki, Mədəniyyət və Turizm nazirinin 2013-cü il sentyabr ayında verdiyi əmrlə Göygöl rayonunda sonuncu yaşayan  alman  Viktr Klaynın evi “Alman icmasının tarixi muzeyi” olacaq. Bu da gələcəkdə  rayon üçün böyük əhəmiyyət kəsb edəcək.

Şərqiyyə Hümbətova- Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri: Bu il bununla bağlı irəliləyişlər var. Artıq muzeyin konsepsiyası işlənir. Bu muzeyin yaradılması gələcəkdə gerçəkləşəcək”.

Rayonda hazırda mövcud olan 32 yerli və respublika əhəmiyyətli tarixi abidələr dövlət tərəfindən qorunur.

Elnur Vahidoğlu