• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4383
— 25.09.2014 19:05

Xızı rayonunda ağır yol qəzası: 2 ölü, 3 yaralı

Gecə saatlarında Xızı rayonu ərazisində dəhşətli yol nəqliyyat hadisəsi baş verib. “Mercedes” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisənin yüksək sürət səbəbindən baş verdiyi ehtimal olunur.

Hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 77-ci km-də qeydə alınıb. Paytaxt istiqamətində hərəkətdə olan 31 yaşlı Ağdaş rayon sakini Nurəddin Baxışovun idarə etdiyi 90 DN 353 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 2 nəfər dünyasını dəyişib. 3 nəfər isə, müxtəli dərəcəli xəsarətlər alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə aparılıb. Dünyasını dəyişən şəxslər -  sərnişinlər 56 yaşlı Sumqayıt sakini Şahbazova Möhübbət İsa qızı və 57 yaşlı Rusiya vətəndaşı Hüseynov Hamil Şakir oğludur. Xəsarət alanlar isə, sürücü Nurəddin Baxışov, sərnişinlər - 56 yaşlı Sumqayıt sakini Lətif Şahbazov və 21 yaşlı Rusiya vətəndaşı Şakir Hüseynovdur. Onlardan 2-si yüngül xəsarətlər alsa da, dünyasını dəyişən qadının həyat yoldaşı Lətif Şahbazovun vəziyyəti orta-ağırdır.

Qəza zamanı dünyasını dəyişən Hamil Hüseynov Rusiya Federasiyasının Petrozavodski şəhərində Azərbaycan icmasının sədridir. Hadisənin baş verməsinə yüksək sürətin səbəb olduğu ehtimal olunur. Yoldan çıxan nəqliyyat vasitəsi bir neçə dəfə aşaraq magistraldan 50 metr kənara düşüb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.