• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2035
— 25.09.2014 18:01

Ölkəmizə külli miqdarda narkotik və güclü təsirə malik psixotrop maddələr gətirən şəxslər saxlanılıb

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ölkəmizdə nadir hallarda rast gəlinən müxtəlif tərkibli külli miqdarda narkotik və güclü təsirə malik psixotrop maddələri dövriyyədən çıxarıb. Əməliyyat zamanı Türkiyə və Azərbaycan vətəndaşları saxlanılıb.

 

Bir qrup şəxsin ölkəyə gizli yollarla narkotik maddə və psixatrop maddələr gətirib satması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Türkiyə Respublikasının vətəndaşı, 35 yaşlı Atila Boran Nərimanov rayonu ərazisində saxlanılıb. Onun üstündən, eləcə də yaşadığı evdən 40 qramdan çox kokain, 30 büküm sintetik üsulla hazırlanmış güclü təsirə malik banzay və 50 həb ekstazi aşkarlanaraq götürülüb. Saxlanılan şəxs bildirib ki, 5 ilə yaxındır Bakıda bizneslə məşğuldur. Narkotik maddələrin satışına isə son bir ildə başlayıb. Atila Boran ifadəsində etiraf edib ki, biznes ortağı  - Xətai rayon sakini, 28 yaşlı Ramin İsmayılovla əlbir olaraq dəfələrlə Türkiyədən qaçaqmalçılıq yolu ilə ölkəmizə müxtəlif tərkibli narkotik maddələr gətiriblər. Əməliyyat axtarış tədbirlərini davam etdirən polis əməkdaşları Ramin İsmayılovu da yaxalayıblar. Saxlanılarkən onun üstündən 15 qram kokain və 30 həb ekstazi aşkarlanaraq maddi sübut kimi götürülüb.

İstintaq araşdırmaları ilə müəyyən edilib ki, ölkəmizə narkotik maddə gətirərək satmaq təklifini Atila Boran verib. Ramin İsmayılov isə dəfələrlə Atila Borana pul verərək Türkiyəyə göndərib və kokain, banzay, həmçinin ekstazi gətirməyi tapşırıb. Narkotik tərkibli maddələr gizli yollarla Bakıya gətirilib və satılıb. Əldə edilən pullar isə aralarında bölüşdürülüb.

 

Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq saxlanılan şəxslərin ətrafında araşdırmaları davam etdirir.