• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1629
— 24.09.2014 18:59

İsmayıllı hadisələri ilə bağlı həbs edilən şəxslərdən ikisi bu gün məhkəmə zalından azadlığa buraxılıb

10 nəfərə isə Şəki Apellyasiya Məhkəməsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə azadlıqdan məhrum etmə qərarı verilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İsmayıllı hadisələri ilə bağlı yaydığı birgə məlumatda bildirilib ki, ötən il yanvarın 23-də İsmayıllı şəhərində “Çıraq” otelinin inzibatçısı Emil Şəmdinovun və tanışı Elməddin Məmmədovun sərxoş vəziyyətdə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmələri və bununla əlaqədar hadisə yerinə toplaşmış bir qrup şəxs tərəfindən “Çıraq” hotelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş verib. Törətdikləri hüquqazidd əməllərə görə Emil Şəmdinov və Elməddin Məmmədov cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilib. İctimai qaydanın pozulmasına səbəb olan hərəkətlərdə, özgə əmlakının qəsdən məhv edilib zədələnməsində, hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq edilməsində, yanğın və dağıntıların törədilməsində fəallıq göstərmiş bir neçə nəfər həbs edilib. Aparılmış araşdırmalarla o da müəyyən edilib ki, Müsavat Partiyası başqasının müavini Tofiq Yaqublu və “REAL” Hərəkatının həmsədri İlqar Məmmədov ötən il yanvarın 24-də İsmayıllıya gedərək, rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar ediblər.  Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səftər Ağamalıyev, Anar Həsənov və Asif İbrahimovun hər biri 8 il, İlqar Məmmədov 7 il, Elşən Qurbanov 5 il 6 ay, Tofiq Yaqublu 5 il, Elşən İsmayıllı 5 il, Cəfər Cəfərov 4 il 6 ay, Qəmbər Ağamalıyev 4 il 6 ay Şükran Mehbalıyev 2 il 6 ay  müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmənin hökmü ilə digər təqsirləndirilən şəxslər isə şərti olaraq azadlıqdan məhrum olunublar.