• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 2255
— 24.09.2014 13:41

"Mənim təhsilim - mənim fəlsəfəm" adlı layihəyə start verilib

Samux Rayon Heydər Əliyev Mərkəzi və Gənclər üçün Təhsil Mərkəzinin Qərb Regional Nümayəndəliyi yeni layihəyə start verib. "Mənim təhsilim - mənim fəlsəfəm" adlı bu layihə ölkəmizdə təhsilin inkişafı üzrə Dövlət strategiyasına dəstək olaraq Qərb regionunda keçirilir.

Layihə çərçivəsində ilk təlim Samux rayonunda təşkil olunub. Heydər Əliyev mərkəzində baş tutan təlimdə Samuxun kənd və qəsəbələrinin təhsil ocaqlarında çalışan 50-ə yaxın müəllim iştirak edib. Təlimin məqsədi regionların sosial-iqtisadi inkişafı çərçivəsində müasir bilik və bacarıqlara yiyələnən səriştəli gənc kadrlar üçün şəraitin yaradılması, innovativ təlim metodunun  tətbiq edilməsi, təhsilsevərlərin peşəkarlığının yüksəldilməsi, təhsilin inkişafı istiqamətində təşəbbüşlərin dəstəklənməsidir.

Aygün Həsənzadə -Samux rayon Heydər Əliyev mərkəzinin direktoru: "Dəfələrlə ölkə başçımız vurğulayıb ki, inkişafın təmin edilməsinin başlıca faktoru insan kapitalının ölkədə yaradılmasıdır. Məhz bu fikirləri əsas tutaraq, regionun müasir tələblərindən çıxış edərək nəticədə güclü müəllim ordusunun yaradılmasına dəstək olmaq istəyirik".

Ziyafət Bayramova -GDU-nun dosenti: "Başlıca məqsəd odur ki, Azərbaycan təhsilinin dünya təhsilinə inteqrasiya etməsi yollarında mövcud olan müəyyən problemlərin aradan qaldırılmasına kömək etmək. Bu yolda məhz təhsilin fəlsəfəsinin öyrənilməsi bizim üçün bir addım olacaq. Qeyd etmək istəyirəm ki, bu gün atılacaq hər addım, təhsilimizin gələcəyinə bir başa təsir göstərəcək".

İlkin mərhələdə Qərb regionunu əhatə edəcək layihənin gələcəkdə Azərbaycanın digər bölgələrində də təqdim olunması nəzərdə tutulub.

Gülnar Fazilqızı