• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 998
— 19.08.2015 12:57

Şəmkir və Cəlilabad sakinləri elektrik cərəyanının qurbanı olublar

Şəmkirdə bir ailədən iki azyaşlı uşaq elektrik cərəyanının qurbanı olub. Cəlilabad rayon sakini isə Rusiyada bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Bu gün səhər saatlarında Şəmkir rayonunun Abbaslı kəndində bədbəxt hadisə baş verib. Kənd sakini Şükür Qasımovun mənzilində onun iki nəvəsini elektrik cərəyanı vurub. Hər iki uşaq həyatını itirib. İlkin ehtimala görə 5 yaşlı Qafqaz Zeynalov və 3 yaşı olan Valeh Qasımov evin həyətində, talvarın altında oynayarkən böyüklərin nəzarətindən yayınıblar və elektriklə ehtiyatsız davranma nəticəsində cərəyan onları vurub.

Cəlilabadda isə bacisinin toy günü ölən qardaşın taleyi hamını kədərləndirib. Rayonun İnili kəndindən Rusiya Fedarasiyasına işləmək məqsədi ilə gedən Adış Mahmudovu yüksək gərginlikli elektrik cərəyanı vurub. Mərhumun yaxınlarının sözlərinə görə, hadisə iş zamanı baş verib. Belə ki, fərdi evlərdən birinin çardağında təmir işləri görən zaman Adış Mahmudovun əlindəki dəmir parçası yüksək gərginlikli elektrik xəttlərinə toxunub və o, hadisə yerindəcə dünyasını dəyişib. Həmin gün mərhumun doğulduğu kənddə bacısının toyu olub. Ailə isə faciədən bir neçə gün sonra xəbər tutub. Qeyd edək ki, Adış Mahmudovun meyiti Azərbaycana gətirilib və doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılıb.