• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1688
— 14.09.2014 22:49

Gəncə şəhər İcra Hakimiyyəti başçısı növbəti dəfə vətəndaşların qəbulunu həyata keçirib

YAP Gəncə şəhər Təşkilatında Gəncə şəhər İcra Hakimiyyəti başçısı növbəti dəfə vətəndaşların qəbulunu keçirib. Qəbulda şəhərin hüquq mühafizə orqanları, idarə və müəssisə rəhbərləri ilə yanaşı 100-ə yaxın şəhər sakini də iştirak edib.

Qəbulda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil problemləri, onlara maddi yardımın edilməsi ilə bağlı məsələlər, eləcə də imkansız vətəndaşların qəzalı evlərinin təmiri, işsiz vətəndaşların işlə təmin olunması ilə bağlı fikirlər dinlənilib. Vətəndaşlar qəbulda həmçinin ən çox qarşılaşdıqları su problemini də şəhər rəhbərinin diqqətinə çatdırıblar. Bundan başqa bəzi vətəndaşlar onlara mağaza və ev tikmək üçün torpaq sahəsinin verilməsini xahiş ediblər. Şəhər rəhbəri qəbulda iyunun 10-da Gəncədə baş verən təbii fəlakət zamanı fərdi evlərin dam örtüklərinə ziyan dəyən vətəndaşların problemlərinin aradan qaldırılacağını da bildirib.

Elmar Vəliyev- Gəncə şəhər İcra Hakimiyyətinin başçısı: “Bu günə kimi təbii fəlakətlə əlaqədar Gəncə şəhərində 247 ədəd hündürmərtəbəli binanın dam örtüyü dəyişdirilib. İndi isə fərdi evlərlə əlaqədar oktyabır ayının 1-dən etibarən onların da dam örtüyünün dəyişdirilməsinə başlanılacaq”.

Şəhər rəhbəri yeni dərs ilinin başlanması ilə əlaqədar şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin övladlarının pulsuz məktəbli forması ilə təmin olunacağını da bildirib. Vətəndaşların qəbulunda qaldırılan bütün məsələlər qeydiyyata alınıb, həll olunması üçün adiyyatı qurumlara tapşırıqlar verilib.

Elnur Vahidoğlu