• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2063
— 12.08.2015 18:21

Gəncədə və Ağstafa rayonunda yanğın baş verib

Bu gün saat 16:30 radələrində Gəncədə yanğın baş verib. Hadisə şəhərin Şəddadilər küçəsində yerləşən və Qarabağ əlilləri üçün tikilmiş binada qeydə alınıb. Binanın 3-cü blokunun 3-cü mərtəbəsində başlayan alov 4-cü blokdakı evin eyvanına keçib. Lakin yanğınsöndürənlərin vaxtında müdaxiləsi alovun genişlənməsinə imkan verməyib. Buna baxmayaraq, yanğının başladığı evdən daha çox qonşunun evinə zərər dəyib. Belə ki, burada eyvandan başqa, mətbəx də yararsız vəziyyətə düşüb. Sakinlərin bildirdiyinə görə yanğına səbəb qaz balonunun partlamasıdır. Yanğının daha dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra məlum olacaq.

Ağstafa rayonunun Saloğlu qəsəbəsində kənd sakini Vahid Nəsibova məxsus 4 otaqlı yaşayış evində dəhşətli yanğın baş verib.

Güclü alov mətbəxdən başlayıb. Tez bir zamanda ətrafa yayılan yanğın qəsəbə sakinlərini də həyacanlandırıb. Hadisə yerinə Ağstafa rayon YMH-nın canlı qüvvəsi və avtomobilləri çağırılıb. Şiddətlənən alov bir neçə saat davam etsə də yanğınsöndürənlər tərəfindən ram edilə bilib.

Yanğın zamanı 180 kv.m. olan kürsülü, birmərtəbəli, 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanaraq külə dönüb. Hadisə zamanı evdə olan ailə üzvləri yanğından xəsarətsiz ötüşüblər.

Hadisənin baş vermə səbəbləri araşdırılır.