Bir çox xəstəliklər var ki, özünü mövsüm dəyişkənliyi zamanı biruzə verir. Əsas da payız və qış aylarında. Bu zaman insanlar həkimə müraciət etmədən, öz bildikləri antibiotik dərmanlarla müalicəyə başlayırlar. Bu da bəzi hallarda orqanizmə əks təsir göstərir. İmmun sistemini zəiflədir.
Elnur Şükürov- sakin: “Toz dərmanlar var, 50-60 qəpiyə. Onu da hər ehtimala, əvvəlcədən profilaktikaya görə alırıq”.
Xanlar Əliyev- sakin: “74 yaşım var, hələ də həkimlə məsləhət eləmirəm. Mən ancaq “Sitramon” içirəm”.
Vüsal İbrahimov- sakin: “Mən antibiotikdən istifadə etmirəm. Çünki həkimin məsləhəti olmadan mən onu ala bilmərəm. Bəzi orqanlara xeyri var, bəzi orqanlara zərərlidir. Zərərli olduğu üçün də həkimin icazəsi olmadan, biz onu istifadə edə bilmərik”.
Humay Həsənova- sakin: “Həkim icazəsi olmadan dərman almaq olmaz. Xəstəlikdə ola bilər, reaksiya da ola bilər”.
Zaur Quluyev- sakin: “Məsləhət görərdim ki, dərman alanda mütləq mütəxəssislərlə məsləhət eləsinlər. Onda onun effekti də yaxşı olar”.
Hazırda apteklərdə tərkibinə, ölkə istehsalına görə müxtəlif adda antibiotik dərmanlar satılır. Özü də qiymətləri münasibdir. Təxminən 80 qəpikdən 11 manata qədər”.
İradə Həsənova- əczaçı: “Çalışırıq ki, başa salaq ki, gedin həkimə, məsləhət alın. İmmunitetin yaxşı olsa, qrip də tuta bilməzsən, yüngül keçər. Ona görə də immuniteti qaldırmaq üçün əsasən vitaminlərdən istifadə etmək lazımdır”.
Səyyaf Məmmədov- əczaçı: “Tövsiyəm odur ki, özbaşına dərmanları dəyişməsinlər. Həkim nə yazıb, onu versinlər. Yaxud da dəyişmək fikirləri varsa, mütləq həkimə zəng vursunlar, həkimlə əlaqə yaratsınlar. Həkimin razılığı olmadan, əczaçının dərmanları özbaşına təyin etmək ixtiyarı yoxdur”.
Ümumiyyətlə özbaşına antibiotikləri içmək, həkimlər tərəfindən də düzgün sayılmır. Çünki diaqnoz qoyulmadan müalicənin aparılması nəticə vermir.
Ünbül Dadaşova- həkim: “Onlar bilmirlər ki, ona mütləq proba qoymalıdır, onun həssaslığı yoxlanılmalıdır. Xəstədə ən çətini anafilaktik şokdur. Xəstə şoka düşəndə, ona evində yardım edəcək dərmanı yoxdur. Xəstə o fəsaddan həyatını itirə bilər. O xəstəyə antibiotiki evdə etmək olmaz. Yaxşı olar ki, bu ya xəstəxanada olsun, ya da həkim nəzarəti altında olmalıdır”.
Görünən odur ki, sağlamlığımız elə öz əlimizdədir. Sadəcə olaraq tövsiyələrə əməl etməliyik.
Elnur Vahidoğlu
- Baxış: 217