Bu günə xəbərlərin oxunma sayı: 1210
— 14.09.2014 22:41

Şəmkirdə yerləşən “Zəka” Gənclər Mərkəzinin fəaliyyətə başlamasının bir ili qeyd olunub

Şəmkirdə yerləşən “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyətə başlamasından bir il ötüb. Mərkəz bu müddət ərzində bir sıra layihələrin uğurla həyata keçirilməsinə nail olub, yerli və ölkə əhəmiyyətli tədbirlərə ev sahibliyi edib. Bundan başqa mərkəzdə müxtəlif adda fəaliyyət göstərən dərnəklərə Şəmkir və ətraf rayonun gəncləri cəlb olunub. Tədbirdə “Uğur kolleci” layihəsinin də təqdimatı olub.

1 il öncə fəaliyyətə başlayan mərkəzin yaranma günündə Şəmkir rayon rəsmiləri, eləcə də xarici şirkətlərin nümayəndələri, gənclər iştirak edib. Zəka Gənclər mərkəzinin qısa vaxtda əldə etdikləri uğurlar diqqətə çatdırılıb. Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru, Synergy Şirkətlər Qrupunun nümayəndəsi və “Zəka” Gənclər Mərkəzinin tələbələri çıxışlarında mərkəzin kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzu ediblər. Tədbirdə Şəmkirdə fəaliyyət göstərəcək “uğur kolleci” layihəsinin də təqdimatı olub.

Mark Woodcock– “Pearson Education Limited” şirkətinin əməkdaşı:“Şəmkirdə biz bu gün “Uğur Kolleci” layihəsini təsis edirik. Mən çox qürur hissi keçirirəm ki, bizim dünya üzrə 5 min 400-dən çox olan şəbəkəmizə Şəmkir Mərkəzi də qoşulur. Ümid edirəm ki, bu, Şəmkir gəncləri və ictimaiyyəti üçün bir təcrübə və inkişaf imkanı olacaq”.

Ötən bir ildə mərkəzin fəaliyyət istiqamətində - təhsil, yaradıcılıq, media layihələr, eləcə də, intellektual yaradıcılıq sahəsində böyük uğurlara imza atılıb. İlk dəfə olaraq Şəmkirdə ölkə birinciliyində iştirak edən şahmatçılar, “nə?, harada?, nə zaman?” intellektual oyunları və debat oyunları üzrə rəsmi klublar yaradılıb. Tədbirdə qum üzərində rəsm müsabiqəsinin qalibi olan Mərkəzin rəssamlıq dərnəyinin tələbəsi Aysel Aliyeva öz bacarığını əyani şəkildə nümayiş etdirib. Həmçinin Zəka Gənclər Mərkəzinin fəaliyyətini əks etdirən videorolik təqdim olunub.

Rahim İbrahimoğlu