Prezident seçkiləri ərazi bütövlüyü tam bərpa edilmiş Azərbaycanda ilk dəfə keçiriləcək. Siyasi şərhçilər deyirlər ki, sonuncu seçkilərdən sonra qarşıda duran ən mühüm problemin həlli - ərazi bütövlüyümüzün bərpası prosesinin son tamamlayıcı mərhələsi icra edildi. 2020-ci ildə vətən müharibəsi, 2023-cü ildə isə antiterror tədbirlərinin keçirilməsi qarşıya qoyulmuş vəzifənin uğurlu icrası kimi qiymətləndirilir.
Tural Əliyev- siyasi şərhçi: “Bu, istər 44 günlük müharibə, istər bir sutkalıq antiterror tədbirləri regiona yeni reallıq gətirdi. Bu reallıqla barışanlar var, barışmayanlar var. Əslində barışanlar anlayır ki, bu, artıq reallıqdır. Bunu heç bir qüvvə dəyişə bilməz. Barışmayanlar da sadəcə olaraq onlar da anlayır ki, bu reallığı dəyişə bilməzlər. Sadəcə olaraq nisbətən proseslərə təsir edə bilmək, proseslərin yönünü dəyişdirmək və yaxud da fon vermək istiqamətində müxtəlif addımlar atsalar da, amma Azərbaycan öz məqsədinə çatdı. Və bir il qabaq növbədənkənar seçkilər təyin edilməsi, əslində çox düzgün və doğru qərardır. Çünki həm, ərazi bütövləşib. Artıq işğal faktoru aradan qaldırılıb. İkincisi, regionda gedən proseslər regionun mənzərəsini dəyişir”.
Regionun mənzərəsi Azərbaycanın xeyrinə dəyişib. Artıq Cənubi Qafqaz regionunda istənilən prosesi icra etmək istəyən böyük güclər Azərbaycanla hesablaşmalı olurlar. Siyasi şəhçilər deyirlər ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb.
Məhəmməd Əsədullazadə- siyasi şərhçi: “Bu gün Azərbaycan məhz Şərqlə Qərbi birləşdirən əsas nəqliyyat qovşağıdır. Azərbaycan bu gün Avropanın Cənubi Qafqazda və Mərkəzi Asiyada mühüm geostrateji tərəfdaşı səviyyəsindədir. Məhz bu gün Azərbaycan Avropanın enerji diversifikasiyasında mühüm ölkədir. Azərbaycan artıq Cənubi Qafqazın inkişaf etmiş güclü orduya malik, həmçinin qərbin regionda əsas əməkdaşlıq etmək istədiyi bir dövlətdir. Məhz Azərbaycan regionun açar dövlətidir. Azərbaycan bu günləri Şimal-Cənub nəqliyyat dəhlizi, Şərq-Qərb nəqliyyat dəhlizi, həmçinin Orta Dəhlizin formalaşmasında mühüm rol oynayır”.
Siyasi şərhçilər onu da bildirirlər ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilərin bütün ölkə ərazisində keçirilməsi ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti kimi qiymətləndirilməlidir.
Azad Mustafayev
- Baxış: 205