• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1537
— 06.08.2015 10:27

Siyəzən və Samuxda baş verən qəzalardan biri ölümlə nəticələnib

Siyəzəndə 1 nəfərin ölümü, 3 nəfərin ağır yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza Siyəzən-Qalaltı yolunun 8-ci km-də, rayonun Sədan kəndi ərazisində qeydə alınıb. Siyəzən rayon sakini 44 yaşlı Cəmşid Manafov sərt döngədə sükanı arxasında olduğu “Vaz 21 07” markalı avtomobilin idarəetməsini itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. Nəticədə avtomobildə olan sərnişin Siyəzən rayon sakini 41 yaşlı Gülnarə Əliyeva hadisə yerində dünyasını dəyişib. Sürücü Cəmşid Manafov, Gülnarə Əliyevanın övladları - 21 yaşlı Gülər Əliyeva və 19 yaşlı Orxan Əliyev xəsarətlərlə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Tibb müəssisəsindən verilən məlumata görə, yaralıların vəziyyəti ağırdır. Hadisəyə yüksək sürətin səbəb olduğu ehtimal edilir. Faktla bağlı Siyəzən rayon Polis Şöbəsində araşdırma aparılır. 

Samuxda isə 25 yaşlı gənc qəza törədib. Rayonun Qarayeri qəsəbə sakini Emin Qiyasov idarə etdiyi “VAZ”  markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın aşıb. Qəza nəticəsində avtomobildə tək olan 25 yaşlı gənc ətrafdakıların köməyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Xəstəyə ilkin tibbi yardım göstərilib və daxili patalogiya aşkar olunduğundan, cərrahiyyə şöbəsinə yerləşdirilib. Hazırda zərərçəkənin vəziyyəti normal qiymətləndirilir. Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.