• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1720
— 04.08.2015 17:26

Bakı sakininin evi yarılıb

Paytaxtın Xətai rayonu ərazisində oğurluq faktı qeydə alınıb. Hadisə Əhmədli qəsəbəsi, Məzahir Rüstəmov küçəsi, bina 11, mənzil 20-də baş verib.

Dərhal əraziyə rayonun 34-cü polis bölməsinin əməkdaşları və ekspert qrupu cəlb olunub.  Ev sahibəsi Mənzurə Əsgərovanın sözlərinə görə, o,  avqustun 1-də qızı ilə birgə qohumlarına qonaq gediblər.  Onlar evə avqustun 3-də qayıdıblar və hadisədən də o vaxt xəbər tutublar.

Zərərçəkənin sözlərinə görə, oğrular mənzilin qapısını açarla açaraq evə daxil olublar. İlkin hesablamalara görə, mənzildən təxminən 1000 manat dəyərində qızıl, eləcə də, bahalı ətirlər götürülüb. Maraqlıdır ki, oğrular evdə olan noutbuku aparmasalar da, özlərini ev sahibi kimi aparıblar. Mətbəxdə qəhvə içiblər, siqaret çəkiblər, soyuducunu ələk-vələk ediblər.

Mənzurə Əsgərovanın sözlərinə görə, bu, onun başına gələn ikinci analoji haldır. Belə ki, bir neçə ay əvvəl sahibi olduğu mebel mağazasından da eyni üsulla oğurluq edilib. Hadisə zamanı içərisində 38 400 manat nəğd pul olan seyf aparılıb. Həmin oğurluq əməlini törədənlər tutularaq istintaqa cəlb edilib. Evdən edilmiş oğurluq faktı ilə bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.