• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1720
— 04.08.2015 17:24

Ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Belə ki, Baş İdarəyə Cəlilabad rayon sakini Mahir Mirzəyevdə külli miqdarda narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olub. Araşdırma zamanı müəyyən edilib ki, Mahir Mirzəyev şəxsiyyətləri istintaqa hələlik məlum olmayan “Himayət” və “Rəhim” adlı İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək Azərbaycana qaçaqmalçılıq yolu ilə  4 kiloqram həşiş qətranı, 2 kiloqramdan artıq heroin və 1 kiloqram tiryək gətirib. Mahir Mirzəyev ümumi çəkisi 7 kiloqram olan narkotik vasitələri satmağa dair öhdəlik götürüb və bu işin müqabilində ona 3500 manat pul vəd edilib. O, müəyyən müddət saxladığı narkotik vasitələri satmaq istəyən zaman Baş İdarənin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Mahir Mirzəyev barəsində cinayət işi başlanıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, saxlanılan şəxs əvvəllər də narkotik vasitələrin qanunsuz alqı-satısı və dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunub.