Bu günə xəbərlərin oxunma sayı: 1454
— 14.09.2014 22:36

Goranboyda günəş işığından alternativ enerji alınması ilə bağlı pilot layihə həyata keçirilir

Goranboy rayonunda günəş enerjisindən yararlanmaqla məişətdə istifadə olunan suyun isidilməsi üçün qurğuların quraşdırılması həyata keçirilir. Pilot layihənin rayonun 3 kəndində reallaşdırılması nəzərdə tutulub.

Hazırda işlər rayonun Qazaxlar, Qurbanzadə və Faxralı kəndlərində həyata keçirilir. Bu da həmin kəndlərin mavi yanacaqla tam təmin olunması və meşə massivlərinin məhv edilməsinin qarşısının alınmasına yönəlib. Bərpa olunmayan enerji mənbələrinə qənaət etmək məqsədi daşıyan layihənin üstünlüyü ondan ibarətdir ki, qurğu günəş enerjisini qəbul etməklə yay aylarında saatda təxminən 150 litr suyu 80 dərəcədə, qış aylarında isə 40-45 dərəcə istilikdə saxlamaq qabiliyyətindədir. Ekoloji Rezonans İB-nin sədri İrşad Abbasov bildirib ki, pilot layihə Azərbaycan prezidenti yanında QHT-a dəstək şurası tərəfindən maliyyələşdirilir.

İrşad Abbasov- Ekoloji Rezonans İB-nin sədri: “2004-cü ildə ölkə prezidentinin bərpa olunan enerji mənbələrindən istifadəni genişləndirmək haqqında sərəncamı var. Bununla bağlı respublikada agentlik yaradılıb. 2020-ci ilə qədər Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin 20%-ə çatdırılması nəzərdə tutulur. Biz də qəbul olunan dövlət proqramına öz töhfəmizi verməkdəyik”.

Hazırda layihədə hər qurğunun biri 500 manat dəyərində qiymətləndirilir. Gələcəkdə alternativ enerjiyə kütləvi şəkildə ehtiyac artarsa, müsahibimiz qurğunun daha da təkmilləşdirilərək bu qiymətin 300 manataqədər aşağı salınmasının mümkünlüyünü də qeyd edib.

İrşad Abbasov- Ekoloji Rezonans İB-nin sədri: “Qurğu çox sadədir. Qurğu günəş kollektorundan və çəndən ibarətdir. Kollektorda günəş işığı istilik enerjisinə çevrilir və bu enerji də suyu qızdıraraq insanların məişətdə və evdə istifadəsi üçün şərait yaradır".

Goranboy rayonunda adıçəkilən kəndlərdə ilkin olaraq 10 belə qurğunun yaradılması nəzərdə tutulur.