• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3648
— 03.08.2015 17:50

Xaçmazda ağır yol nəqliyyat hadisəsi baş verib

Ötən gün axşam saatlarında Xaçmazda ağır yol nəqliyyat hadisəsi baş verib. 3 minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə avqustun 2-i, axşam saatlarında Xudat-Nabran yolunun 7-ci km-də qeydə alınıb. Xaçmaz istiqamətdə hərəkətdə olan 40 BM 684 nömrəli  “Vaz 2106” markalı avtomobil ötmə əməliyyatını həyata keçirərkən qarşıdan gələn, Bakı şəhər sakini Adil Qəhrəmanovun idarə etdiyi 10 SR 086 dövlət nömrə nişanlı “Mercedes” markalı maşınla toqquşub. Lakin qəza bununla yekunlaşmayıb. İdaretməni itirən “Vaz 21 06” markalı avtomobil qarşıdan gələn Xaçmaz rayon sakini Zamir Səfərovun idarə etdiyi 10 GG 395 dövlət nömrə nişanlı “Vaz 21010” markalı maşınla toqquşub və aşıb.

Qəza nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan ikisi, Xudat Mərkəzi Şəhər Xəstəxanasına gətirilib. Bakı şəhər sakini, 46 yaşlı Firuzə Baxşıyeva və Xaçmaz rayon sakini, 59 yaşlı Aktifa Həsrətova ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb. Digər 5 nəfər isə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar, Quba rayon sakinləri, 23 yaşlı Emin Yunusov, 22 yaşlı  Namiq Manafov, 23 yaşlı Ənvər Balayev, 23 yaşlı İlkin Abdullayev və 21 yaşlı Xaçmaz rayon sakini Zamir Səfərovdur. Onların vəziyyətinin orta ağır olduğu bildirilir. Qəza baş verən ərazidə 2 km-dən çox məsafədə tıxac yaranıb. Polisin müdaxiləsindən sonra avtomobillərin hərəkətini təmin etmək mümkün olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.