Bu günə xəbərlərin oxunma sayı: 703
— 27.07.2015 13:32

Daşkəsəndə otlaq sahəsi üstündə dava düşüb

Kütləvi davada 4 nəfər xəsarət alıb. Onlardan birinin xəsarəti ağır olduğundan paytaxtdakı xəstəxanalardan birinə göndərilib.

Kütləvi dava rayonun Əmirvar kəndinin ərazisində baş verib. Kənd sakinləri Alim Alıyev və Fariz Məmmədov özlərinə məxsus otlaq sahəsində sürülərini otararkən Şəmkir rayonu Könüllü kənd sakinlərinin hücumuna məruz qalıb. Zərərçəkmiş Alim Alıyevin sözlərinə görə, qarşı tərəf yay mövsümündə heyvanlarını Daşkəsən rayonu ərazisində yerləşən yaylaqlarında otarmağa gətirib. Elə insident də bundan sonra baş verib.

Alim Alıyev -zərərçəkmiş: “Ot biçirdik, onların atı gəldi bizim sahəyə bizim atı arxasına saldı apardı. Dostum Etibar atın arxasınca getdi, mən də bir müddətdən sonra onların arxasınca getdim. Gördüm ki, dostumu yığılıb döyürlər, mən də yaxınlaşdım, məni də başladılar vurmağa, özümdən getdim".

Hadisə nəticəsində xəsarət alan Fariz Məmmədovun vəziyyəti ağır olduğundan o paytaxdakı xəstəxanalardan birinə göndərilib. Dava nəticəsində yüngül xəsarət alan digər iki nəfər isə həkim müayinəsindən sonra ambulator müalicəyə buraxılıb.

Şahin Quliyev  - həkim: “1990-cı il təvəllüdlü Alıyev Alim hazırda travmatologiya şöbəsinə yerləşdirilib, xəstəyə ənsə nahiyəsinin çapılması, sol biləyin əzilmiş yarası, döş qəfəsinin əzniyi diaqnozu qoyulub".

Hazırda Daşkəsən rayon Polis Şöbəsində baş verən insidentin səbəbləri araşdırılır.

 

Xaliq Qurbanlı