Bu günə xəbərlərin oxunma sayı: 950
— 24.07.2015 21:33

Moskvada azərbaycanlı tələbəni qətlə yetirən şəxsin məhkəməsi başa çatıb

Azərbaycanlı tələbəni qətlə yetirməkdə təqsirləndirilən “Rus millətçilərinin mübarizə təşkilatı”nın lideri İlya Qoryaçevin məhkəməsi başa çatıb. Məhkəmə dövlət ittihamçısının istədiyi cəzanı təmin edərək İlya Qoryaçevi ömürlük azadlıqdan məhrum edib. Buna qədər andlılar məhkəməsi rus millətçilərinin liderini antifaşist Fyodor Filatov və İlya Caparidze, vəkil Stanistlav Markelov, azərbaycanlı tələbə Rəsul Xəlilov və Tacikistan vətəndaşı Saloxiddin Əzizovun qətlində günahkar bilib. Məhkəmə iclasında Qoryaçevin vəkili Mark Feygin müvəkkilinə ömürlük həbs cəzasının düşmədiyini bildirib. Vəkil bunu onunla əsaslandırıb ki, Qoryaçev Serbiyadan Rusiyaya ekstradisiya olunub. Ekstradisiya haqqında qanuna görə isə Qoryaçevə ömürlük həbs cəzası verilə bilməz. Serbiyada bu cinayətlərə görə maksimum 40 il həbs cəzası verilir. Ona Rusiyada maksimum 25 il həbs cəzası verilməlidir. İlya Qoryaçevin cinayət işinə andlılar məhkəməsində iyunun 2-dən baxılmağa başlanılıb. Rus millətçilərinin lideri günahını boynuna almır. Qeyd edək ki, İlya Qoryaçev ekstremist təşkilat yaratmaqda, ideoloji və milli düşmənçilik zəminində qətllərin törədilməsində və digər ağır cinayətlərdə ittiham olunur.  İstintaqın versiyasına görə, 2008-ci ilin ortalarında İlya Qoryaçev və Nikita Tixonov radikal millətçi baxışları olan ekstremist və silahlı birləşmələrdən ibarət “Rus millətçilərinin mübarizə təşkilatı”nı yaradıblar. Onlar ideoloji və milli düşmənçilik zəminində insanları və onların təşkilatlarını qanunsuz hesab etdiklərinə görə qisas almaq məqsədilə hüquq-mühafizə orqanlarının əməkdaşlarını qətlə yetiriblər. Qoryaçevin öldürdüyü şəxslər arasında azərbaycanlı tələbə, 24 yaşlı Rəsul Xəlilov da olub. O, 2009-cu il sentyabrın 3-də yaşadığı evin qarşısında odlu silahdan açılan atəşlə öldürülüb.