• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1061
— 15.07.2015 23:32

Goranboy, Göygöl və Lənkəranda ağır yol qəzaları baş verib, ölən və yaralananlar var

Bölgələrdə ağır yol qəzaları qeydə alınıb.Goranboy, Göygöl və Lənkəranda baş verən hadisələr zamanı ümumilikdə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Goranboy rayonunun Dəliməmmədli şəhər xəstəxanasının qarşısında ölümlə nəticələnən yol qəzası baş verib.  Dəliməmmədli şəhər sakini Aslan İbrahimov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarında dayanmış və həmyerlisi Nadir Muradova məxsus “MAN” markalı yük maşınına çırpıb. Qəza nəticəsində VAZ markalı maşının sürücüsü hadisə yerində ölüb, onun sərnişinləri - rayonun Yəhərçi Qazaxlar kənd sakini 53 yaşlı Yeganə İsmayılova, onun həmkəndlisi və həmyaşıdı Urzanə İsmayılova xəsarət alıb. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Həkimlər Yeganə İsmayılovaya sağ çiynin oynaq sınığı, Urzanə İsmayılovaya isə döş qəfəsinin küt travması, sağ baldırının sınığı diaqnozu qoyublar. Avtomobilin sürücüsü isə hadisə yerindənölüb.

Daha bir ağır yol-nəqliyyat hadisəsi Ələt-Astara magistralının 182-ci kilometrliyində - Lənkəranın Qumbaşı kəndi ərazisində baş verib. Astara rayon sakini, 40 yaşlı Elçin Musayevin və Salyan sakini 52 yaşlı Razim Xudiyevin idarə etdiyi “Howa” markalı iki ağırtonnajlı yük maşını toqquşub. Hadisə nəticəsində Elçin Musayev ölüb. Onun cəsədi Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri tərəfindən deformasiyaya uğramış maşından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Digər sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəzadan sonra magistral yol iki saatadək bağlı olub.

Göygöldə isə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Rayonun Topalhəsənli kənd sakini, 59 yaşlı Eldar Kərimov yolu keçmək istəyərkən naməlum avtomobil onu vurub. Hadisə rayonun girəcəyində yerləşən Şərab zavodunun yanında qeydə alınıb. Eldar Kərimovun zavodda gözətçi işlədiyi bildirilir. Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasına yerləşdirilən yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, artıq hər üç faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.