• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1174
— 11.07.2015 15:28

Gəncə şəhərində “Gəncə Avropalı Gənclərin Gözü ilə” adlı beynəlxalq layihə həyata keçirilir

“Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin təşkilatçılığı ilə “Gəncə Avropalı Gənclərin Gözü ilə” adlı beynəlxalq layihəyə start verilib.

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi layihənin məqsədi, Gəncəni Avropada tanıtmaq, Avropalı gənclərlə yerli gənclər arasında əlaqə yaratmaq və Azərbaycan mədəniyyətini Avropaya aşılamaqdır.

Orxan Ərəbov– Gənclər Fondunun strateji əlaqələr sektorunun müdiri: “Hesab edirik ki, layihədə iştirak edən Avropalı gənclər gələcəkdə Gəncənin, Azərbaycanın qədimiliyini, zəngin tarixini dəqiq faktlarla öz fotolarında Avropaya çatdira biləcəklər. Layihə Gəncə ilə məhdudlaşmayacaq, ətraf rayonlarda da keçiriləcək ki, ölkəmizlə bağlı ətraflı məlumat toplanılsın”.

Gənclər öz ölkələrinə qayıtdıqdan sonra Gəncənin şəkillərini Avropanın 14 şəhərinə nümayiş etdirəcəklər.

Antonio Lapadula– İtaliyalı fotoqrafçı: “Biz Gəncənin Avropa Gənclər Paytaxtına gedən yolunda daim dəstək olmuşuq, indi də dəstəkləyirik. İnanırıq ki, belə layihələr gənclərin aktivliyi üçün mühüm rol oynayacaq”.

Layihə çərçivəsində Avropalı fotoqrafçılar tərəfindən çəkilən Gəncənin və Gəncəli gənclərin şəkillərindən 50 ən uğurlusu seçiləcək. 

Müşviq Cəfərov– Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi: “Bu layihə Gənclər Fondu tərəfindən maliyyələşdirilib. Ümumilikdə 43 layihə nəzərdə tutulub ki, onlardan 18-i yerli, 25-i beynəlxalq layihələrdir. Bu da həmin beynəlxalq layihələrin birincisidir”.

Layihə iştirakçılarının 5 gün ərzində çəkdikləri fotoların sərgisi iyulun 15-i saat 15–də Məhsəti Mərkəzində təşkil olunacaq.

Zülfiyyə Telmanqızı