• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1542
— 09.07.2015 11:15

Bakı, Lənkəran və Göygöldə bıçaqlanma hadisələri törədilib

Ölkədə bir neçə bıçaqlanma faktı qeydə alınıb. Paytaxtda iki qardaş bıçaqlanıb, Lənkəranda qardaş qardaşa xəsarət yetirib. Daha bir qanlı olay isə Göygöldə baş verib.

Paytaxtın Nizami rayonunda, metronun “Neftçilər” stansiyasının yaxınlığındakı parkda iki qardaş bıçaqlanıb. 32 yaşlı Fail və 24 yaşlı Baladadaş Rəhimovlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar. Baladadaş Rəhimova döş qəfəsinin kəsilmiş-deşilmiş yarası, qardaşı Failə isə başın alın nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub. Hər iki xəstə əməliyyat edilib. Araşdırmalar zamanı məlum olub ki, qardaşları mübahisə zəminində öz tanışları vurub.

Göygöldə naməlum şəxs 33 yaşlı gənci bıçaqlayıb. Rayon sakini Səbuhi Bayramov qarının kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına gətirilib. Həkimlərin müdaxiləsindən sonra yaralının vəziyyəti orta-ağır kimi dəyərləndirilir.

Lənkəranda da bıçaqlanma faktı qeydə alınıb. Hadisə rayonun Təngivan kəndində baş verib. Kənd sakini Hümmət Əliyev şəxsi münasibətlər zəminində onunla qonşuluqda yaşayan qardaşı Habil Əliyevə bıçaqla xəsarətlər yetirib. Yaralı Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  Müvafiq tibbi yardımdan sonra onun vəziyyətinin stabil olduğu bildirilir. Hadisəni törədən Hümmət Əliyev polis tərəfindən saxlanılıb.

Bütün faktlarla bağlı araşdırmalar davam etdirilir.