Bu günə xəbərlərin oxunma sayı: 1187
— 14.09.2014 22:20

Sentyabrın 10-da "YAY" Sərgi Salonunda Azərbaycanda yaşayıb fəaliyyət göstərən əfqan rəssam Reza Həzarenin fərdi sərgisi açılıb.

Tədbirdə "YARAT!" Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova, tanınmış ictimai, mədəniyyət və incəsənət xadimləri, həmçinin diplomatik missiyaların nümayəndələri iştirak ediblər. "Anesteziya" adlı sərgi çərçivəsində rəssamın qaçqın qismində şəxsi həyatda keçirdiyi enişləri və yoxuşları əks etdirən yeni rəsmləri nümayiş olunub. Əfqan qaçqın olan Reza Həzare 1987-ci ildə İranın Zahedan şəhərində dünyaya göz açıb. 2005-ci ildə Reza Tehran Ali Təsviri İncəsənət Məktəbini bitirib, sonra isə təhsilini davam etdirmək məqsədilə Azərbaycana təşrif buyurub. 2012-ci ildə o, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını qurtarıb.Rezanın ərsəyə gətirdiyi işlərdə keçmişlə indiki zaman arasında mövcud olan gərginlik hisslərinə - dini və dünyəvi həyat tərzi arasında çarpışmaya və onun təməlini təşkil edən ənənə və müasirlik arasında olan münaqişəyə istinad olunur. Ənənəvi müsəlman ölkəsi olan İrandan Azərbaycana köç edən rəssam dünyəvi həyat tərzinə alışmaq üçün səy göstərirdi, eyni zamanda, ölkəsində tüğyan edən böhranı izləyirdi. Qeyd edək ki, Sərgi 2014-cü il oktyabrın 26-dək tamaşaçıların ixtiyarında olacaq.

 

Gülşən Zabitqızı