• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3304
— 06.07.2015 18:13

Respublika ərazisində baş verən ağır yol qəzalarında 2 nəfər ölüb, 7 nəfər yaralanıb

Respublikanın müxtəlif bölgələrində ağır yol qəzaları baş verib. Nəticədə ümumilikdə 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

Bakıda "Lada" markalı minik avtomobili ilə "BMC" markalı yük avtomobilinin toqquşması bir nəfərin həyatına son qoyub. Hadisə paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb. Qəza nəticəsində “Lada” markalı minik avtomobili deformasiyaya uğrayıb, sürücü 65 yaşlı Eldar Şabanov hadisə yerində vəfat edib. Xilasedicilər cəsədi avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Zaqatalada da yol qəzası olub. Hadisə Yevlax-Zaqatala-Gürcüstanla dövlət  sərhədi avtomobil yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində baş verib. Yevlax rayon sakini 49 yaşlı Xəlil Kərimov idarə etdiyi “VAZ 2109” markalı avtomobillə Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil dərəyə yuvarlanıb. Qəza nəticəsində sürücü, eləcə də avtomobildə olan sərnişinlər - sürücünün yeznəsi Yevlax rayon sakini 61 yaşlı Qaryağdı Bəşirov və Bakı sakini 54 yaşlı Məlahət Əsgərzadə aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.

Sabirabadda baş verən avtoqəzada isə bir ailənin 4 üzvü yaralanıb, biri ölüb. Hadisə rayonun Güdəcühür kəndi ərazisində baş verib. Sabirabad rayonunun Qaratoğay kənd sakini 25 yaşlı Heybətin Hənifəyevin idarə etdiyi “Mercedes” markalı avtomobil Axtaçı-Muğan kənd sakini 38 yaşlı Məhəmməd Məhəmmədovun sükanı arxasında olduğu “VAZ 21072” markalı maşınla toqquşub.  Nəticədə “VAZ 2107” markalı avtomobildə olan sərnişin Axtaçı-Muğan kənd sakini 40 yaşlı Adəm Mehdiyev xəstəxanaya aparılarkən yolda ölüb. “VAZ 2107” markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan sərnişinlər - Axtaçı-Muğan kənd sakinləri 32 yaşlı Məhəbbət Məhəmmədov, 6 yaşlı Şahin Məmmədli və 34 yaşlı Namiq Mehdiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirlib.

Hər üç faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.