• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4668
— 06.07.2015 17:36

Nüşabə Əsəd Məmmədlinin Böyük Britaniyada “Payız tanqosu” adlı kitabı nəşr olunub

Bu günlərdə yazıçı və dramaturq Nüşabə Əsəd Məmmədlinin Böyük Britaniyada “Payız tanqosu” adlı kitabı nəşr olunub. Nəşr Britaniya ilə yanaşı, ABŞ, Fransa və İtaliyada satışa çıxarılaraq, oxucuya təqdim olunub.

“Payız tanqosu” adlı kitaba yazıçı və dramaturq Nüşabə Əsəd Məmmədlinin yaradıcılığında xüsusi yer tutan “Qürub” povesti, “Payız tanqosu”, “Süleyman peyğəmbərin padşahlığı”, “Həzrət Abbas ərizəsi” hekayələri daxil edilib. Bu əsər­lərdə yazıçı müasirlərini düşündürən və narahat edən bir sıra mühüm sosial və mənəvi-əxlaqi problemlərə toxunub. Yeni işıq üzü görən nəşrin çapı ideyası yazıçının Amerikada nəşr olunan “Müasir Azərbaycan qadın nəsri” antologiyasına daxil edilən əsərlərinin bəyənilməsi ilə yaranıb.

Nüşabə Əsəd Məmmədli- yazıçı: “2 ay bundan əvvəl Londonda çıxan “Qürub” əsərimi istədilər. Bu axırıncı yazdığım əsərdir və hesab edirəm ki, bu gün üçün aktualdır”.

10-larla kitabın müəllifi olan yazıçının əsərləri rus, polyak, gürcü, fars, ingilis dillərinə tərcümə edilib. Onun Ukrayna, Gürcüstan, Polşa kimi ölkələrdə nəşr olunan kitabları yetərincə oxucu kütləsi toplaya bilib. Pyesləri əsasında tamaşalar qurulan, film çəkilən müəllifin kitabları daha bir neçə ölkədə çapa hazırlanır.

Nüşabə Əsəd Məmmədli- yazıçı: “Polşada “Vida nəğməsi” povestim yaxşı tirajla çap olundu. İndi ikinci kitabım çapdan çıxacaq. Sonra Moskvadan istəyiblər, “Lalə talası” əsərimi çap edəcəklər”.

Qeyd edək ki, Nüşabə Əsəd Məmmədli “Qızıl qələm”, “İlin ən yaxşı publisisti”, “Həsən bəy Zərdabi”, “Atatürk ödülü”, “Əməkdar jurnalist”  kimi fəxri ad və mükafatların da sahibidir.

Vüsalə Camal