• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4305
— 01.07.2015 17:18

ADAU-da milli üzüm genefondunun yaradılması məqsədilə yeni sortlar becərilir

Respublikada üzümçülüyün yeni istiqamətdə inkişaf etdirilməsi üçün Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının təcrübə sahəsinə yeni üzüm sortlarının gətirilməsi və becərilməsi davam edir. Hazırda müxtəlif adda üzüm sortlarının becərildiyi sahəvi canlı laboratoriyada universitetin bakalavr və magistr pilləsində təhsil alan tələbələri də təcrübə keçir.

Təcrübə sahəsində Təbrizi, Bayanşirə, Ağ muskat kimi süfrə sortları ilə yanaşı, Pino fran, Mədrəsə, Amerikan calaqaltı kimi texniki sortlar da bəcərilir. Bundan əlavə təcrübə sahəsinə respublikanın müxtəlif  bölgələrindən yeni üzüm sortları gətirilir. Burada üzümlərin becərilmə texnologiyaları da sınaqdan keçirilir.

ADAU-nun Bağçılıq kafedrasının Uzum Kolleksiya Bağlarında 40-a yaxın üzüm sortları becərilir. Respublikanın müxtəlif  bölgələrində becərilən üzüm sortlarının buraya gətirilməsində isə əsas məqsəd milli genefondun yaradılmasıdır.

Bağçılıq kafedrasının baş müəllimi Sevil Abduləliyeva bildirir ki, üzümçülüyün məqsədyönlü inkişafında genofondun əhəmiyyəti danılmazdır. Bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək. Bu yaxınlarda Naxçıvan Muxtar Respublikasından 35 adda yerli süfrə və kişmiş üzüm sortlarının əkin materialı gətirilib. Hazırda bu tinglərin xüsusiyyətləri öyrənilir. Hansı sortların bölgəyə uyğunlaşacağını isə zaman göstərəcək.
Gülnar Fazilqızı