• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1777
— 26.06.2015 13:48

Samuxlular N saylı hərbi hissəyə sovqat aparıb

Samux rayon ictimaiyyəti Silahlı Qüvvələr günü münasibəti ilə Göygöl rayonunda yerləşən N saylı hərbi hissədə olub. Əsgərlər üçün konsert təşkil edilib,  hədiyyələr təqdim olunub.

Göygöl rayonunda N saylı hərbi hissədə təşkil edilən tədbirdə orduya inam və etibar ifadə olunub. Bildirilib ki, bu gün Azərbaycan ordusu düşmənə layiqli müqavimət göstərmək iqtidarındadır. Silahlı Qüvvələrimizin maddi-texniki bazası möhkəmləndirilib, ən müasir döyüş texnikası ilə təchiz edilib.

Mehman Əliyev- Samux Rayon İcra Hakimiyyətinin məsul işçisi: “Samux rayon İcra Hakimiyyəti ənənəvi olaraq sərhəd bölgəsində xidmət aparan əsgərlərin görüşünə gəlir. Əsgərlər üçün qısa da olsa xoş dəqiqələr yaşatmaq bizim üçün ən böyük xoşbəxtlikdir. Arzu edək ki, bugünkü əsgərlərimizin köməkliyi ilə belə tədbirləri biz Dağlıq Qarabağda, Şuşada və digər işğal altında olan torpaqlarımızda keçirək”.

Tədbirdə xidmətdə fərqlənən əsgər və zabitlərə fəxri fərman təqdim olunub. Eyni zamanda Samux rayon Mədəniyyət və Turizm Şöbəsi hərbi hissənin komandiri tərəfindən mükafatlandırılıb. Tədbirin bədii hissəsində vətənə və orduya aid mahnılar ifa edilib.

Natiq Hüseyn