• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1618
— 24.06.2015 13:28

Şəmkirdə bir neçə ictimai iaşə obyektinin fəaliyyəti dayandırılıb

Buna səbəb həmin obyektlərdə sanitar-gigiyenik qaydalara əməl edilməməsidir. Rayonda dönər satışı ilə məşğul olan bir neçə şəxs isə müvafiq qaydada cərimə olunub.

Yay mövsümü ilə əlaqədər Şəmkir Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin həkimləri 12 ictimai iaşə obyektində yoxlama aparıblar. Sanitar-gigiyenik tələblərə cavab verməyən 8 obyektin sahibinə qarşı inzibati tənbeh tədbiri görülüb. Bəzi obyektlərdə isə eyni hal bir neçə dəfə  təkrarlandığından onların fəaliyyəti dayandırılıb.

Sahib Sadıqov- Şəmkir rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru: “3 obyektin fəaliyyəti dayandırılıb. Bunlardan 2-si ictimai iaşə 1 isə ticarət obyektidir. Hər üç obyektdə insan həyatı üçün təhlükə olduğu üçüb bağlanıb”.

Səhiyyə Nazirliyinin müvafiq göstərişinə əsasən Şəmkirdə də quş ətindən hazırlanan dönərin satışına məhdudiyyətlər tətbiq olunur. Artıq bununla bağlı bir neçə sahibkara ilkin xəbərdarlıq da edilib. Ancaq dönər satışı ilə məşğul olan bəzi şəxslər bu göstərişə məhəl qoymadığından onların cərimə edilməsi qaçılmazdır.

Sahib Sadıqov- Şəmkir rayon Gigiyena Epidemiologiya Mərkəzinin direktoru: “Toyuq dönərinin hazırlanması və satışı ilə məşğul olan 8 obyektdə yoxlama aparmışıq. Orada gigiyenik qaydalara əməl olunmur. Bu səbəbdən də belə fiziki şəxslərin barəsində inzibati qaydada tədbir görülür”.

Qeyd edək ki, qanunsuz dönər satışı ilə məşğul olan fiziki şəxslər ilkin xəbərdarlıqdan sonra 50-100, hüquqi şəxslər isə 200-400 manat dəyərində cərimə olunurlar.  

Natiq Hüseyn