• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1816
— 23.06.2015 15:32

Yerə zibil atmayın!...

İsti yay günlərində, xüsusən də axşam saatlarında böyüklü-kiçikli hər kəs sərinləmək, günün yorğunluğunu çıxarmaq üçün parklara üz tutur. Kimisi gəzir, kimisi oturub istirahət edir, kimisi də ətraf mühitin gözəlliyindən həzz alır. Lakin bəzən göz oxşayan gözəllik yerinə, xoşagəlməz mənzərə görürük.

Xatırlayırsınızsa, bir müddət əvvəl yüzdən artıq gənc Heydər Əliyev park-kompleksinin ərazisində yaradılan süni gölün ətrafında təmizlik işləri aparmışdı. Bu iməcilikdə iştirak edən könüllülərdən olan Mələk Novruzova da belə bir fikir səsləndirmişdi:

Mələk Novruzova -İDEA İB-nin könüllüsü: "Təbiətə öz evimiz kimi münasibət göstərməliyik. Biz təbiətin havasından, suyundan istifadə edirik. Ona görə də təbiəti çirkləndirmək olmaz. İnanıram ki, Gəncə sakinləri bizə dəstək olacaqlar və biz təbiəti qoruyacağıq".

Əslində biz də ümid edirdik, hətta buna inanırdıq da... Amma gölün ətrafına baş çəkən zaman bütün ümidlərimiz, bax elə bu zibillər kimi suya düşdü... Heydər Əliyev park-kompleksinin ərazisində yaradılan süni göl şəhər sakinlərinin əvəzolunmaz istirahət məkanlarından biridir. Gölün ətrafında olan kafelər, müxtəlif növ atraksionlar buraya olan marağı bir az da artırır. Göldə olan balıqlarsa, xüsusən balacaların diqqətini çəkir. Bir sözlə, böyükdən kiçiyə hər kəs buradakı gözəllikdən həzz almağa çalışır. Lakin...

Atılan zibillər gölün gözəlliyinə xələl gətirir. Ən önəmlisi isə antisanitar vəziyyət yaradır. Bu da nəticədə bir müddət sonra göldə yaşayan canlıların məhv olmasına gətirib çıxara bilər.

Əvvəllər bura istirahətə gələnlər zibili yerə atmalarını ərazidə müvafiq qutularının olmaması ilə izah edirdilər. Tutaq ki, haqlı idilər. Bəs indi? İndi ki, gölün ətrafına bir yox, bir neçə zibil qutusu qoyulub. Hətta üzərinə "Yerə zibili atmayın" da yazılıb. Lakin analoji vəziyyət hələ də davam edir. Yənə də gölün ətrafında selofanlar uçuşur, suyun üzərində plastik butulkalar üzür... Bir sözlə, bəzi insanlar təkidlə ətrafı zibilləməkdə, mövcud gözəlliyi məhv etməkdə davam edirlər.

 

Səhər saatları olduğundan gölün ətrafı nisbətən sakitlikdir. Axşam saatlarında isə şəhər sakinləri bura dincəlmək və vaxtlarını xoş keçirmək üçün gələcəklər. İstirahət zamanı isə təmizliyə riayət etmək mütləqdir. Çünki gölün ətrafı və parkın ərazisində təmizliyi qorumaq sadəcə burada çalışan məsul işçilərin deyil, bizim də borcumuzdur.

Ümid edirik ki, bəzi şəhər sakinləri bir qədər daha məsuliyyətli olacaq və zibil qutularından istifadə etməyin vacibliyini anlayacaq...

 

Gülnar Fazilqızı