• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1032
— 23.06.2015 15:24

Gəncənin tikinti bazarında durğunluq hökm sürür

Havaların isinməsi inşaat sektorunda canlanmaya səbəb olsa da, Gəncənin tikinti bazarında durğunluq hökm sürür. Qiymətlərin ötən illərlə müqayisədə o qədər də yüksək olmamasına baxmayaraq, bazarda müştəri gözə dəymir.

Gəncənin tikinti bazarlarında inşaat materiallarının qiyməti qənaətbəxş hesab olunur. Belə ki, döşəməlik taxtanın 1 kubunun qiyməti ötən ilki 240 manata qarşı bu il alıcılara 220-225 manata təklif olunur. Bundan başqa, mişar daşı, kərpic, tavan materialları, müxtəlif ölçülü dəmirlərin də qiymətlərində az da olsa, azalma müşahidə olunur.

Rüstəm Həsrətov –satıcı: "Dam örtükləri 3 manatdan 7 manat 50 qəpiyə qədər, sementlər var müxtəlif çeşiddə qiymətləri də 4 manat 30 qəpikdən 6 manat 50 qəpiyə qədərdir. Alıcılıq qüvvəsi ötən illərə nisbətən zəifdir".

Fəxrəddin Dadaşov – satıcı: "Demək olar ki, alver yoxdur, bazarda alıcı da nadir hallarda gəlir. Ötən il alver bundan yaxşı idi".

Tikinti bazarında həmçinin 1 maşın qumun qiyməti 30-35 manat, mişar daşının bir ədədi 75-80 qəpiyə təklif olunur.

Xaliq Qurbanlı