• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3474
— 23.06.2015 12:50

Tovuzda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Tovuzda bu rayonun, eləcə də Qazax və Ağstafa sakinlərini qəbul edib. Qəbuldan sonra isə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilib.

Vətəndaş qəbulu zamanı səsləndirilən müraciətlər əsasən məscidlərin təmiri və təminatı, dini icmaların yaradılması, onların dövlət qeydiyyatına alınması və digər məsələlərlə bağlı olub. Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, qaldırılan məsələlərin araşdırılması və qanunauyğun həlli barədə konkret tapşırıqlar verilib. Bir sıra məsələlər yerindəcə, operativ surətdə həll edilib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

“Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda keçirilən regional konfransda isə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Prezidentinin dövlət-din münasibətlərinə xüsusi həssaslıqla yanaşdığını vurğulayaraq, zəngin multikulturalizm ənənələrinin qorunub saxlanılması, təbliği və təşkili istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. O, bəzi qüvvələrin İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla onu gözdən salmağa çalışdıqlarını bildirib. Mübariz Qurbanlı bu cür hallara qarşı birgə mübarizənin əhəmiyyətini, bu sahədə maarifləndirmənin zəruri olduğunu vurğulayıb. Konfransda dövlət-din münasibətlərindən, ölkəmizin tolerantlıq ənənələrindən, xalqımızın bütün dinlərə və konfessiyalara dözümlü münasibətindən danışılıb.