• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 924
— 20.06.2015 15:06

I Avropa Oyunlarının könüllü gənclərin həyatında rolu...

İki həftəyə yaxındır ki, bütün Avropanın diqqəti Bakıdadır. I Avropa Oyunlarının yüksək səviyyədə təşkili ölkəmizə olan marağı daha da artırıb. Bu işdə yüksək peşəkarlıqla çalışan mütəxəssislərlə yanaşı, minlərlə könüllü gəncin də rolu danılmazdır. Mingəçevirdə, Atletlər kəndində çalışan bir neçə könüllü Kəpəz televiziyasına öz təəssüratları və fəaliyyətləri haqda danışıblar.

Bakı-2015 könüllülər proqramına rəsmi olaraq 2014-ci il iyunun 12-dən start verilib. Hazırda könüllü gənclər I Avropa Oyunlarında əsas rolları icra edir, idmançılara və yüksək vəzifəli şəxslərə, idman yarışlarında çalışanlara, tamaşaçılara və yaxud media nümayəndələrinə köməklik göstərirlər. Təbii ki, könüllülər sırasında gəncəli gənclərin də sayı kifayət qədərdir. Gəncə şəhərinin ali məktəblərində təhsil alan 150-yə yaxın gənc "Alovqoruyan" adını qazanıb və Mingəçevirdəki  Atletlər kəndində çalışıblar.

Rəvanə Ələkbərova- Bakı 2015 könüllüsü: "Bizim oradakı əsas vəzifəmiz asistentlikdən ibarət idi. Hər bir atletin yanında onun komandası gəlir. Biz daha çox onların yanında olurduq. Onları yerləşdirmək, problemlərini həll etmək bizim işimiz idi".

Mingəçevirli gənclərlə birlikdə 300-ə yaxın könüllü, ümumilikdə isə 500-ə yaxın işçi heyəti I Avropa Oyunlarının "Avarçəkmə" yarışlarında xidmət göstərib. Könüllülük fəlaiyyətinin gənclərə nə qazandırdığına gəlincə...

Mətləb Allahverdiyev- Bakı 2015 könüllüsü: "Əsas məqsədim nədən ibarət idi? Könüllü olaraq mən özümə yeni dostlar qazanmışam. Bundan başqa özümdən böyük insanlar, sabahkı gün bir problemim olarsa, müraciət edə biləcəyim insanlar tapdım. İşimin dəyərini öyrəndim. Könüllü olaraq vətənimə xidmət etdim".

Qeyd edək ki, I Avropa Oyunlarında ümumilikdə 18 minə yaxın gənc könüllü kimi fəaliyyət göstərir.