• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3501
— 20.06.2015 13:41

Gəncədəki 27 nömrəli məktəb-liseyin xüsusi istedadlar sinfinin şagirdləri 9-cu sinif imtahanında yüksək nəticə göstəriblər

Gəncənin İsrafil Məmmədov adına 27 nömrəli fizika, riyaziyyat, informatika təmayüllü məktəb-liseyinin xüsusi istedadlar sinfinin şagirdləri 9-cu siniflərin mərkəzləşdirilmiş qaydada keçirilən imtahanında yüksək nəticə göstəriblər. Sinif ölkə başçısı İlham Əliyevin 2006-cı ildə imzaldığı “Xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində 2010-cu ildə təhsil nazirinin əmri ilə yaradılıb.

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının iyunun 6-da keçirdiyi mərkəzləşmiş imtahanda xüsusi istedadlar sinfinin 9-cu sinfi bitirən 22 şagirdi də iştirak edib. Şagirdlərdən 19-u Azərbaycan dili, 16-sı riyaziyyat fəndindən yüksək nəticə göstərərək əla qiymət alıb. Şagirdlərdən 16-sı hər iki fəndən 5 qiyməti alıb. Xüsusi istedadlar sinfinin bu nəticəsi şəhər üzrə ən yüksək göstəricidir. 

Zemfira Aslan- sinif rəhbəri: “Beş ildir ki, bunların sinif rəhbəriyəm. Uşaqlarda çox böyük nailiyyətlər var. Bu sinifdə xüsusi dərslər keçirilir. Məktəbimiz elektron məktəbdir. Elektron layihələr həyata keçirilir. Uşaqlar bütün günü informatikadan, elektron löhvələrdən çox yararlanırlar, kompyuterlərdən istifadə edirlər”. 

İmtahanda iştirak edən şagirdlər sualları asanlıqla cavablandırdıqlarını və nəticədən razı olduqlarını bildirirlər.

Zümrüd Məmmədova- sinif nümayəndəsi: “İmtahan çox asanlıqla baş tutdu. Çünki suallar hər gün keçdiyimiz fənnlərdən idi. Bizim üçün də çox sadə gəldi və bunun da nümunəsidir ki, bu gün sinfimizin bir çox şagirdləri 5 qiymətlər almış, məktəbimizin adını yüksəltmişlər”.

Dünya Mirzəyeva- şagird: “Sualları çox rahat şəkildə cavablandıraraq Azərbaycan dili fənnindən 30 sualdan 30-na da cavab verdim. Riyaziyyatdan isə 27 düz cavabım çıxdı. Eyni zamanda inşanı düzgün cavablandıraraq imtahanımı sona çatdırdım və nəticədən də razıyam”.

Məktəb-liseydə növbəti tədris ili üçün sənəd qəbuluna da başlanılıb. Artıq 160 şagird sənədini təqdim edib və sentyabırın 2-də müsabiqə yolu ilə 50 nəfər seçiləcək.

Elnur Vahidoğlu