• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4175
— 20.09.2014 14:53

Ölkədə fermerlərin işləri xeyli asanlaşdırılıb

Təkcə avqust ayı ərzində Gəncə regional “Aqrolizinq” təsisat bazasından 400-dən çox fermerə kənd təsərrüfatı texnikaları verilib. Həm kiçik, həm də iri sahibkarların mineral gübrələrə və digər mal-material qiymətlərinə olan tələbatı ödənilib. Bu isə, fermerlərin işini xeyli asanlaşdırıb.

Əgər əvvəllər kəndli sahələrdə saatlarla, günlərlə vaxt itirirdisə, indi həmin işləri yeni texnikalarla tez bir zamanda görə bilir. Lizinq yolu ilə bir sıra kənd təsərrüfatı avadanlıqlarını almaq imkanı isə, fermerlərin böyük əksəriyyətini müasir tələblərə cavab verən texnikalarla təmin edib.

Nəsimi Bağırov- fermer: “Çox çətinlik çəkirdik, köhnə avadanlıqlar həm vaxtımızı aparırdı, həm də işi keyfiyyətli görmürdü. Yeni texnikaları alandan bəri isə, işimizi tez bir zamanda,  eyni zamanda keyfiyyətli həll edirik”.

Gəncə Regional “Aqrolizinq” təsisat bazasından verilən məlumata görə, kiçik və iri sahibkarla avqust ayında 440 fermerə müasir tələblərə cavab verən yeni texnikalar verilib.

İdris Vəliyev –Gəncə Regional “Aqrolizinq” təsisat bazasının müdiri: “Bunlardan 45 ədəd “Belarus 422”, 23 ədəd “Belarus 622” markalı traktorlardır. Kotan qoşqularından isə, 280 ədəd 4 gövdəli, 92 ədəd 5 gövdəli  kotan qoşqusu almışıq və lizinq yolu ilə sahibkarlara vermişik”.

Ölkədə fermerlərin kənd təsərrüfatı texnikalarına və digər mal-material qiymətlilərinə olan tələbatının ödənilməsi üçün cari il dövlət büdcəsindən ümumilikdə 35 milyon manat vəsait ayrılıb.  

Aymirə İsmayılqızı