• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 880
— 08.06.2015 14:56

Şəmkirdə kəndləri birləşdirən yeni körpü keçidləri inşa edilib

Şəmkir rayonunun Mehrili kəndində sakinləri uzun illərdir narahat edən körpü problemi həll edilir. Şəmkir çayının iki hissəyə böldüyü yaşayış məntəqəsində yeni keçidlər inşa edilib. Ucqar dağ kəndinin sakinləri həmçinin indi çəkilməkdə olan qaz xəttinin tezliklə istismara verilməsini gözləyir.

Şəmkir rayonunun Mehrili kəndi özündə Çaylı, Qaraqocalı və Molla Hümbətli yaşayış məntəqələrini birləşdirir. Bu kəndləri bir neçə hissəyə bölən isə Şəmkir çayıdır. Yaşayış məntəqəsinin yerli özünü idarəetmə orqanları və xidmət təşkilatları çayın sol sahilində, fərdi evləri isə sağ tərəfində yerləşir. İstər isti yay günlərində, istərsə də soyuq qış aylarında yerli sakinlər çayın bir hissəsindən digər tərəfinə keçməkdə çətinlik çəkirdilər. Buna səbəb körpü keçidlərinin qəzalı vəziyyətdə olması idi. Nəhayət, bu il Şəmkir çayının Mehrili kəndi ərazisindən keçən hissəsində bir neçə yeni keçidlər inşa edilib.

Vidadi Şıxəliyev- sakin: “Körüpümüz işlək vəziyyətdədir. Mehrili ilə Qaraqocalını birləşdirmişik. Hamımız rahatlıqla istifadə edirik”.

Sabir Əliyev- sakin: “Bizim kəndin ən vacib problemi körpü məsələsidi. Bu üç kənd körpüsüz çox əziyyət çəkirdi. İndi şükürlər olsun ki, bu problem həll olundu”.

Kənddə əvvəllər də körpü keçidləri olub. Ancaq həmin keçidlərin yaşı 100 ili ötdüyündən istifadə üçün yararsız idi. Görülən işlər çərçivəsində bu keçidlər də yenilənib.

Mehrili, Qaraqocalı və Çaylı kəndlərini birləşdirən bu körpü vaxtı ilə Almanlar tərəfindən salınıb. Ancaq körpü uzun müddətdir təmir olunmadığından sakinlər bu keçiddən istifadə edə bilmirdilər. Bu gün körpü əsaslı təmirdən sonra 3 kəndin əhalisinin ixtiyarındadır.

İlin sonunadək Mehrili kəndində ilk dəfə olaraq mavi yanacağın verilməsi də planlaşdırılır.

Fazil Həsənov- Mehrili kənd icra nümayəndəsi: “Şəmkir çayı üzərində yeni körpü salınıb. Hazırda sakinlər həmin körpüdən səmərəli şəkildə istifadə edir və özlərinə məxsus olan kənd təsərrüfatı məhsullarını rahatlıqla bazara çıxarırlar. Kəndin qazlaşdrılması istiqamətində də işlər sürətlə gedir”.       

Mehrili kəndinin ümumilikdə 2425 nəfər əhalisi var. Yerli əhalinin əsas məşğuliyyəti isə əkinçilik və maldarlıqdır.

Natiq Hüseyn