• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2171
— 06.06.2015 15:36

Körpəsinə ana südü verməkdən imtina edən qadınların səhvi...

Körpələr doğulandan ən azı 6 ay ana südü ilə qidalanmalıdır. Hətta bu, bir şərtdir. Mütəxəssislər belə düşünürlər. Səbəb isə odur ki, körpə, ana südündən aldığı faydanı heç bir süni qidadan ala bilməz. Xüsusən yay aylarında körpəsinə süd verməkdən imtina edən analar, növbəti materialımız sizin üçündür.

Körpələrin qidalanmasında ana südü qızıl standart sayılır. O, qiymətli dərman, əvəzolunmaz qidadır. Ana südü ilə böyüyən uşaqların immun sistemi güclü, orqanizminin müxtəlif infeksiyalara qarşı müqaviməti isə yaxşı olur. Ana 2 yaşa qədər körpəsini öz südü ilə bəsləməlidir. Bu, həm dinin, həm də elmin tələbidir. Heç olmasa, bu proses körpənin 6 ayı tamam olanadək davam etməlidir. Yay aylarında havaların isti olması ilə əlaqədar, körpələrdə mədə-bağırsaq pozuntusunun yarana biləcəyi ehtimalına görə anaların körpələrinə süd verməkdən imtina etməsi isə tamamilə absurddur. 

Asif Məmmədov- pediatr: “Yay aylarında uşaqların infeksion xəstəliklərə yoluxması daha təhlükəlidir. Ona görə də daha doğru olar ki, uşağı elə ana südü ilə qidalandırsınlar. Bəzi analar “südüm yararsızdır, inək südü verdim, uşağın mədə-bağırsağı düzəldi”, deyə fikirlər səsləndirirlər. Bu, olduqca yanlış fikirdir.”

Uşağa süd vermək yalnız körpənin deyil, elə ananın orqanizmi üçün də faydalıdır.

Asif Məmmədov- pediatr: Südverən qadınların psixi-emosional durumları yerində olur. Müxtəlif lazımi hormonlar ifraz olunur ki, bu da ananı şiş xəstəliklərinə yoluxmaqdan qoruyur”.

Hər bir ana övladının qayğısına doğulan andan qalmalıdır. Ana südü körpə ilə ana arasında ilkin sevgi bağıdır. Sevginizin daimi olması üçün bu bağın ömrünü uzun etsəniz yaxşıdır.

Zülfiyyə Telmanqızı