• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1882
— 06.06.2015 14:58

Ölkədə ov mövsümü açıq elan edilib

Azərbaycan ərazisində 2015-2016-cı illər üçün ov mövsümü açıq elan edilib. Mayın 31-dən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tətbiq olunan norma və qaydalara əsasən, vəhşi heyvanların və quşların ovlanmasına icazə verilib.

Hobbisi ov etmək olanlar mayın 31-dən oktyabrın 18-dək bu sevimli məşğuliyyətlərini həyata keçirə bilərlər. Lakin ov edənlərin hər biri Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tətbiq edilən norma və qaydalardan xəbərdar olmalıdırlar. Belə ki, ov mövsümünün açıq elan olunması ovçulara istənilən vəhşi heyvan və quşları istənilən sayda ovlamağa imkan vermir.

İrşad Abbasov- ekoloji ekspert: “Hər bir heyvanın özünün ovlanma vaxtı və hər bir insan üçün kvotası var. Hətta ov quşlarının da ovlanmasının mövsümü açılmışdır. Belə ki, ördək, qaz, qaşqaldaq və s. çöl quşlarının dəqiq vaxtları və hansı müddətə ovlanması və icazəsi haqqında nazirliyin rəsmi saytında ətraflı məlumat verilib”.

Qeyd edək ki, tətbiq olunan qayda və normalara əsasən, ov mövsümü ərzində ovlanmasına icazə verilən heyvanlar -təkə, çöl donuzu, dovşan, çaqqal, yenot, və bataqlıq qunduzu, quşlar isə cüllüt, qaz, ördək və qaşqaldaqdır. Ovlanacaq hər bir heyvanın növündən asılı olaraq ovlanma qiyməti var. Birdəfəlik ov icazəsinin dəyəri isə 2 manat 20 qəpiklə, 24 manat 75 qəpik arasında dəyişir.

Elton Cabbarlı