• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1882
— 06.06.2015 15:06

Orta məktəblərin 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirilib

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta məktəblərin 9 və 11-ci sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib. İmtahanlar Sumqayıt, Abşeron, Mingəçevir, Gəncə də daxil olmaqla, ümumilikdə respublikanın 20 şəhər və rayonunda baş tutub. Qeyd edək ki, ötən ildən etibarən 9-cu sinfi cari ildə bitirən və kolleclərə sənəd verən şagirdlərin orta ixtisas təhsili müəssisələrinə qəbulu buraxılış imtahanlarının nəticələri əsasında aparılır.

İmtahanlar iki növbədə - 9-cu sinif şagirdləri üçün səhər saat 10:00-da, 11-ci siniflər üçün isə 15:00-da keçirilib. Respublika üzrə imtahanlarda ümumilikdə 54 153 nəfər iştirak edib ki, onlardan 29 379-u 9-cu, 24 774-ü isə 11-ci sinif şagirdidir. Şəhər və rayonlarda 65 mərkəzdə təşkil olunan imtahanların idarə olunmasına 183 imtahan rəhbəri, 2583 nəzarətçi-müəllim cəlb edilib.

Babək Orucov- TQDK-nın Gəncə Regional Bölməsinin aparıcı məsləhətçisi: "Cari ildən bilirsiniz ki, TQDK tərəfindən V ixtisas qrupu yaradılıb. Bu qrupa xüsusi qabiliyyət tələb edən ixtisaslar daxildir. V qrupun sənəd qəbulunda iştirak edən 11-ci sinif şagirdləri isə bu gün verdikləri imtahanın nəticələrinə uyğun olaraq, ixtisas seçimində iştirak edəcəklər".  

Gəncədə 6 binada təşkil olunan buraxılış imtahanlarının idarə olunması üçün isə 17 imtahan rəhbəri və 245 nəzarətçi-müəllim ayrılıb. İmtahanlarda iştirak edən 5848 şagirdin 3126-sı şəhər orta məktəblərinin 9-cu, 2722-si isə 11-ci sinifində təhsil alır.

Babək Orucov- TQDK-nın Gəncə Regional Bölməsinin aparıcı məsləhətçisi: "İmtahan təyin olunan vaxta başlayıb. Heç bir neqativ hal qeydə alınmayıb. 22 nömrəli məktəbdə 600 şagird imtahan verir. 7 nəfər müəyyən səbələrdən imtahanda iştirak etmir".

9-cu sinif şagirdləri iki - ana dili və riyaziyyat fənnlərindən imtahan veriblər. Təqdim olunan 60 test tapşırığının cavablandırılması üçün onlara iki saat vaxt ayrılıb. 11-ci sinif şagirdləri isə 2 saat 45 dəqiqə ərzində ana dili, riyaziyyat və xarici dil biliklərini yoxlayıblar. Onlar bu vaxt ərzində 90 test tapşırığını cavablandırmağa çalışıblar. Respublikanın xarici dil tədris olunmayan orta məktəblərinin şagirdləri isə, bunun əvəzinə kimya fənnindən imtahan veriblər.   

Gülnar Fazilqızı