• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1863
— 06.06.2015 14:12

Gəncə dəmiryolu vağzalına sərnişin axını müşahidə olunur

Birinci Avropa Oyunları ilə əlaqədər iyunun 1-dən rayon qeydiyyatında olan avtomobillərin Bakıya girişinə məhdudiyyət qoyulub. Bu səbəbdən qatarlara tələbat artıb. Sərnişinlərin yolda qalmaması üçün qərb bölgəsi üzrə hərəkət edən bütün qatarlara əlavə vaqonlar qoşulur. Gəncə avtovağzalında və hava limanında isə vəziyyət fərqlidir.

Gəncə dəmiryolu vağzalından verilən məlumata görə, əvvəllər paytaxt istiqamətinə bir gündə 80-100 bilet satılırdısa, iyunun 1-dən bu göstərici 200-dən çoxdur. Tələbat nəzərə alınaraq, qərb bölgəsi üzrə bütün qatarlara gündəlik 5 əlavə vaqon qoşur.

İslam Məhərrəmov- xəzinədar: “Avropa oyunları ilə əlaqədər paytaxta bilet alanların sayı 2 dəfə artıb. Ancaq buna baxmayaraq təlabat tam ödənilir. Bütün qatarlara əlavə vaqonlar qoşulub. Sərnişinlər istədikləri qatara əvvəlcədən bilet əldə edə bilərlər”.

Gəncə avtovağzalında isə o qədər də sıxlıq müşahidə olunmur. Gündəlik olaraq paytaxt istiqamətinə maksimum 23 iritutumlu avtobus yola salınır. Ancaq avtovağzal rəhbərliyi qarşıdakı günlərdə təlabatın artacağını istisna etmir.

Namiq Həsənov- Gəncə Avtovağzal MMC-nin direktoru: “Bizdə o qədər də sərnişin axını yoxdur. Ona görə də işimiz gündəlik qrafiklə davam edir. Ancaq təlabat artarsa ehtiyatda avtobuslarımız var, onlardan istifadə edəcəyik”.

Gəncə Beynəlxalq Hava limanına müraciət edənlərin sayında da dəyişiklik yoxdur. Hava limanından gündə bir dəfə Bakıya və əks istiqamətə uçuşlar həyata keçirilir. Sərnişinlərin rahatlığını təmin etmək üçün hava limanı qrafik üzrə fəaliyyətini davam etdirir.

Natiq Hüseyn