• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1862
— 06.06.2015 13:59

Gəncə şəhərində növbəti ümumşəhər iməciliyi təşkil olunub

Heydər Əliyev adına park-kompleksdə və hava limanı istiqamətində keçirilən aksiyada kütləvilik müşahidə olunub.

Şəhərin idarə və müəssisələrinin kollektivləri parkda və magistral yolun kənarlarında mövcud yaşıllıqlara qulluq göstəriblər. İməcilik çərçivəsində ağac və gül kolları budanıb, suvarılıb, ətrafı tullantılardan təmizlənib. Aksiya zamanı yaşıllıq zolağında otların biçilməsi və ərazidən daşınması da həyata keçirilib.  

İməcilik aksiyası çərçivəsində 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Gəncə şəhərinin müxtəlif ərazilərinə əkilən 50 minə yaxın qızıl gül kollarına da aqrotexniki qulluq göstərilib.

Bir neçə ildir ənənə halını alan kütləvi ağacəkmə və iməcilik aksiyaları çərçivəsində şəhərin müxtəlif ərazilərində 200 mindən artıq şam tingləri əkilib. Yaşıllıqların suvarılması üçün Heydər Əliyev park-kompleksində 24 subartezian quyusundan istifadə olunur.

Xəqani Səfərov- aksiya iştirakçısı: "Əvvələr yol kənarında olan ağaclar arx vasitəsilə suvarılırdı. Hazırda müasir suvarma sistemlərindən istifadə olunur. Xüsusi borular vasitəsilə damcı üsulundan istifadə etməklə suya qənaət olunur, həm də əl əməyinə o qədər də ehtiyac olmur".

Aksiya iştirakçıları mövcud yaşıllıq zolaqlarının yay mövsümündə mütəmadi suvarılması və aqrotexniki qulluq göstərilməsi üçün belə iməcilikləri davamlı keçirmək niyyətindədir.

Xaliq Qurbanlı