• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 818
— 05.06.2015 12:22

“Yurd”, “ev”, “yaşam” mənası bildirən bu meyvə Gəncə küçələrinin bəzəyinə çevrilib

Azərbaycanda tutun bir çox növü yayılıb və qiymətli bitki kimi respublikanın əksər bölgələrində yetişdirilir. Gəncə də bu sıradan geri qalmır. Yay aylarında Gəncənin bəzi küçələri tut bağlarını xatırladır desək, yanılmarıq.

Uzunömürlü bitki olan tutun meyvələrindən, ağacından və yarpaqlarından xalq təbabətində dərman kimi istifadə olunur. Bu bitki milli genefondumuza daxildir. 

Zaur Həsənov – kənd təsərrüfatı elmləri doktoru, professor: "Tutun tanınan 5 növü məlumdur. Bunlardan ən çox yayılan ağ-qara tut növləridir. Ağ tut daha geniş yayılıb. Tut 1000-1200 illik bitkidir. Onun uzun ömürlü olmasının səbəbi isə daxilində yatmış tumurcuqların çox olması, budama zamanı yatmış tumurcuqların oyanması  və zoğ bərpa etmək qabiliyyətidir".

Tut ağacı şəxsi təsərrüfat və  həyətlərlə yanaşı, yol kənarlarında da əkilir. İyundan başlayaraq Gəncənin əksər küçələrində bu cür mənzərə ilə rastlaşmaq olar - yola əyilən yaşıl budaqlar və gün işiğının təsiri ilə yetişən ləziz meyvələr.

Elə Gəncə sakini tapılmaz ki, yol kənarında yetişən tut ağacının yanından başı aşağı keçsin.  Tanımadığı qapının ağzından keçərkən, orada yetişən tutdan yemək adi haldır. Bu sanki bir ənənəyə çevrilib.

Tut yetişən vaxt, uşaqdan böyüyə bütün ailə üzvləri ağacın altına yığışır və ləziz meyvələrin toplanmasında iştirak edir. Ağac çırpılan zaman onun budaqlarının sınmamasına və meyvələrin əzilməməsinə fikir vermək lazımdır.

Zaur Həsənov – kənd təsərrüfatı elmləri doktoru, professor: "Tutda müxtəlif vitaminlər var. Tərkibində faiz yarıma qədər dabaq maddələr var. Muxtəlif turşular var. Qan azlığı, qara ciyər xəstəliklərində, mədə- bağırsaq xəstəliklərinin iltihabı zamanı tut əvəzolunmaz təbii müalicə vasitəsidir. Tutdan hazırlanan müxtəlif emal məhsulları, o cümlədən el arasında daha çox istifadə olunan bəkməz (doşab) can dərmanıdır".

Qeyd edək ki, qədim zamanlardan tut ağacı müqəddəs hesab edilir. Toponim olaraq isə "tut" qədim türk mənşəli sözlər qrupuna aid olub, "yurd", "ev", "yaşam" mənalarını verir. 

Gülnar Fazilqızı