• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1715
— 05.06.2015 11:01

Göygöldə 5 subartezian quyusu bərpa edilib

Göygöldə 5 iyun su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibətilə bərpa olunan 5 subartezian quyusunun açılış mərasimi keçirilib. Samuxda da bayram tədbiri təşkil edilib. Tədbirlərdə işində fərqlənən əməkdaşlara fəxri fərmanlar təqdim olunub. 

Bu il 9 subartezian quyusu bərpa edilib. İlin sonunadək isə 14 quyunun qazılması planlaşdırılır. 3 nasos stansiyasının əsaslı, 1-nin isə cari təmiri davam etdirilir. Ümumilikdə Göygöl Suvarma Sistemləri İdarəsi 12510 hektar torpaq sahəsinin suvarılmasını həyata keçirir. Əkin sahələrini normal qaydada su ilə təchiz etmək üçün 206 subartezian quyusundan, 10 nasos stansiyasından, eləcə də rayon ərazisindən keçən təbii çaylardan istifadə olunur.

İlqar Məhərrəmov- Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi: “Bu gün 5 subartezian quyusu bərpadan sonra istifadəyə verilir. 3 kəndi əhatə edəcək bu quyular vasitəsi ilə 100 hektara yaxın əkin sahəsi suvarılacaq. Bütün bunlar mövsüm ərzində suvarmanın vaxtında yerinə yetirilməsinə şərait yaradır”.

Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı münasibətilə Samux Suvarma Sistemləri İdarəsində də tədbir keçirilib. Çıxışlarda idarənin illik fəaliyyətindən və gələcək planlarından danışılıb. Samux Suvarma Sistemləri İdarəsi 22 min hektar əkinəyararlı torpaq sahəsinin suvarılmasını həyata keçirir. Bunun üçün 500 ədəd subartezian quyusundan, 25 nasos stansiyasından, Şəmkir Maşın Kanalından və rayon ərazisindən keçən təbii çaylardan istifadə olunur. Bu il rayonda suvarmanın vaxtında yerinə yetirilməsi üçün 5 yeni subartezian quyusu qazılıb. Bununla da 150 hektar əkin sahəsinin suya tələbatı tam ödənilib.

Gülağa Bağırov- Samux Suvarma Sistemləri İdarəsinin rəisi: “Bizim bu il üçün nəzərdə tutulan artezianlar qazıldıqdan sonra daha 200 hektar əkin sahəsinin suvarılması təmin olunacaq. Bu isə əkin mövsümündə suya olan ehtiyacın ödənilməsinə böyük köməkdir. Ümumiyyətlə, çalışacağıq ki, bu ildə suvarmada ciddi problem yaşanmasın”.

Samuxda 6 əlavə subartezian quyusunun qazılması və 1 nasos stansiyasının inşası istiqamətində işlər davam etdirilir.

Natiq Hüseyn