• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1960
— 04.06.2015 15:39

Kəlbəcər rayon ictimaiyyəti qəhrəman döyüşçü İbad Hüseynovla görüşüb

Azərbaycanın güclü ordusu var və qəhrəman oğullarımız işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Bu fikirlər “Azərbaycan Bayrağı" ordenli, keçmiş “Xüsusi təyinatlı” döyüşçü İbad Hüseynovun Kəlbəcər rayon ictimaiyyəti ilə görüşündə səslənib.

Gəncədə məskunlaşan kəlbəcərlilərlə görüşdə vətənpərvər döyüşçü İbad Hüseynovun keçdiyi şərəfli və çətin döyüş yollarından geniş söhbət açılıb. Qarabağ müharibəsinin ən ağır illərində İbad Hüseynov döyüşçü yoldaşları ilə müharibəyə yollanıb. Asala terror təşkilatının rəhbərlərindən biri, qatı cinayətkar və beynəlxalq axtarışda olan terrorçu Monte Melkonyanı məhv etməsi ilə adını Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsinə əbədi həkk etdirib. Bu gün Azərbaycan xalqı öz qəhrəmanını sevir və vətənimizin müdafiəsi üçün onun kimi əsl qəhrəmanlar yetişir.  

Gülşən Behbud- “Atilla” jurnalının baş redaktoru: “İbad Hüseynov elə bir qəhrəmandır ki, bunu hər bir Azərbaycanlı, Türk bilir ki, savaş yolu, döyüş yolu, tanrı lütfü sayəsində aramızda sağ qalıb. Bu gün Azərbaycanın Xocavənd rayonu ərazisində dalğalanan bayraqlarımız İbad Hüseynovun sayəsində dalğalanır və bunu hər bir Azərbaycanlı bilməlidir. Biz qəhrəmanımızı uca tutmalıyıq ki, özümüz də ucalaq. Bu, bizim vətəndaşlıq borcumuzdur”.

“Azərbaycan Bayrağı” ordenli, keçmiş “Xüsusi təyinatlı” döyüşçü İbad Hüseynov bu cür görüşə görə minnətdarlığını bildirib və belə görüşlərin vacibliyini vurğulayıb. Ardından qəhrəmanın həyatından, keçdiyi döyüş yollarından bəhs olunan videoçarx nümayiş olunub. Kəlbəcərin orta ümümtəhsil məktəblilərinin şagirdləri vətənpərvərlik mövzusunda şerlər səsləndirib. Sonda İbad Hüseynova xatirə hədiyyələri təqdim edilib.

Elnur Vahidoğlu