• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2039
— 03.06.2015 15:31

Gəncədə 62 kurqan tipli qəbir abidələri aşkar edilib

Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Gəncənin şəhər mədəniyyəti mərkəzi kimi tarixinin tədqiqi ilə bağlı yeni layihəyə start verilib. Aparılan ilkin tədqiqatlar nəticəsində Gəncədə 62 kurqan tipli qəbir abidələri aşkar edilib.

AMEA-nın Milli Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiya qrupu Akademiyanın Gəncə bölməsi ilə birlikdə şəhərdə və ətraf ərazilərdə kəşfiyyat xarakterli arxeoloji tədqiqatlar aparıb. Ekspedisiya üzvləri Gəncə şəhərinin qədim ərazisində həm yaşayış tikililərinin, həm də qədim kurqanların müəyyən olunması və tədqiqi ilə bağlı ilkin işlərə başlayıb.

Elnur Həsənov -AMEA-nın Gəncə bölməsinin əməkdaşı: "Yalnız Gəncə şəhərinin qədim ərazisində ilkin kəşfiyyat xarakterli arxeoloji tədqiqatlar nəticəsində müəyyən olundu ki, burada 60-dan çox kurqan mövcuddur. Bu qədim kurqan abidələri ən azı Gəncənin şəhər mədəniyyəti mərkəzi kimi 4000-5000 illik tarixinin həm öyrənilməsi, tədqiqi, həm də şəhər mədəniyyətinin təşəkkülü, insanların yaşayışı, Gəncənin qədim elm və mədəniyyət mərkəzi kimi inkişafında yeni xüsusiyyətlərin üzə çıxarılmasına şərait yaradacaq".

Kurqan tipli qəbir abidələrinin Tunc dövrünə aid olduğu ehtimal edilir. “Gəncə kurqanları” əsasən daş örtüklü olub, müxtəlif ölçülərə malikdir.

Tədqiqatlar Gəncə aeroportu yolundan başlayaraq “Yeni Səbiskar” adlanan qəbiristanlığa qədər və şəhər girişindən Göygöl rayonunun inzibati sərhədlərinə qədər olan ərazilərdə aparılıb.  Burada aşkarlanan kurqanlar qeydiyyata alınaraq xəritəyə salınıb.

Gəncədə aparılan arxeoloji kəşfiyyat tədqiqatları 300 kv.km-dək ərazini əhatə edib. Ekspedisiya üzvləri bu abidələrin əsaslı öyrənilməsi məqsədilə gələcəkdə genişmiqyaslı və beynəlxalq səviyyəli arxeoloji qazıntıların aparılmasının zəruriliyini vurğulayırlar.

Elnur Həsənov -AMEA-nın Gəncə bölməsinin əməkdaşı: "Burada yalnız qədim dəfn adəti ilə xüsusiyyətlər üzə çıxmayacaq, burada həm də qədim Gəncədə yaşayan insanların yüksək mədəniyyəti, intellektual səviyyəsi, onların dünya görüşü, eyni zamanda da istər-istəməz Gəncədə formalaşan qədim şəhər mədəniyyətinin, yerli memarlıq üslubunun, şəhərin özünün təşəkkülü tarixinin tədqiqi ilə bağlı mühüm məqamlar üzə çıxacaq".

Qeyd edək ki, “Google Earth” proqramı vasitəsilə şəhərin ərazisi təhlil edilib və əraziyə baxış keçirilən zamanı aşkarlanan yeni arxeoloji abidələrin GPS koordinatları götürülüb. Hər bir kurqanın ölçüləri, cari vəziyyəti və lokallaşma ərazisi haqqında qeydlər aparılıb.

Gülnar Fazilqızı