• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1547
— 03.06.2015 15:28

“Gəncədə şəkərli diabet xəstəliyindən əziyyət çəkənlər pulsuz dərman almaqda heç bir problemlə qarşılaşmayacaq”

Bunu Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədov televiziyamıza müsahibəsində deyib. İdarə rəisi vətəndaşları belə hallarla qarşılaşdıqda Şəhər Səhiyyə İdarəsinə müraciət etməyə çağırıb.

Gəncədə hazırda 10 125 nəfər şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Onlardan 38 nəfəri uşaqdır. Şəkərli diabet xəstələrinin sayı ötən illə müqayisədə 150 nəfər çoxdur. 2011-ci ilin noyabrından ərazi poliklinikalarında həmin xəstələrə dərmanlar pulsuz  paylanılır. Şəkər xəstəliyindən əziyyət çəkən böyüklər dərmanları şəhərin 1, 2, 3, 5 və 6 nömrəli, azyaşlılar isə 2 nömrəli uşaq poliklinikasından alır.

Əlikram Məmmədov- Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi: “Xəstələrdə müəyyən narazılıq var idi. Məsələn, müəyyən firmaların buraxdığı dərmanlar keçən illər xəstələrə verilib. Bu il dövlətin sazişi var və sazişə uyğun həmin dərmanlar alınmır. Amma tərkib etibarı ilə eyni olan, təsir  mexanizmi eyni olan adı başqa olan dərmanlar var. Biz onların hamısını xəstələrlə demək olar ki, təkbətək söhbət elədik başa saldıq. Bu sahədə heç bir narazılıq yoxdu”.   

Bu ilin ötən dövrü ərzində xəstələr 33 adda şəkər dərmanı ilə təmin olunub. Şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərin 600 nəfərinə qanda şəkərin miqdarını ölçən  qlükometr aparatları da verilib.

Elnur Vahidoğlu