• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3302
— 02.06.2015 15:04

Gəncədə küçələrdə açıq su satışının keyfiyyətinə və satış qaydalarına necə nəzarət olunur?

Havaların isinməsi ilə əlaqədar küçələrdə açıq su satışlarına daha çox rast gəlinir. Bəs görəsən sərinləmək üçün alıb içdiyimiz suların keyfiyyətinə və satış qaydalarına necə nəzarət olunur? Bu suala əməkdaşlarımız cavab tapmağa çalışıb.

Gəncə Şəhər Gigiyena və Epidemiologiya mərkəzindən verilən məlumata görə, şəhər ərazisində açıq su, dondurma və bu kimi gigiyenik norma və yoxlamalar tələb edən məmulatlar diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar olaraq, satış məntəqələrində mütamadi reydlər keçirilir.

Sanitar normaların əsas olduğu su satışı üçün, satıcı mütləq qaydada tibbi müayinədən keçməli, satış qapalı şəraitdə həyata keçirilməlidir. Bundan başqa, su satılan köşk daimi axar su ilə təmin olunmalı və satılan suyun tərkibi haqqında keyfiyyət sertifikatı olmalıdır.

Açıq su satışı ilə məşğul olan sahibkarlardan tələb olunan qaydalardan biri də, suları bir dəfəlik plastik stəkanlarda satmalarıdır. Çünki, belə stəkanlar gigiyenik baxımdan daha uyğun hesab edilir.

Bu məsələlərdə nəzarəti həyata keçirən aidiyyatı qurumlarla yanaşı, vətəndaşlar da öz sağlamlıqlarına laqeyd yanaşmamalıdır.

Elton Cabbarlı